Azərbaycan və Türkiyə arasında HƏRBİ ANLAŞMA: Bakı tək deyil!
Siyasət
23.07.2025 17:06
“Azərbaycan və Türkiyə arasında imzalanan hərbi anlaşması Rusiyaya ciddi mesajdır. Bakı tək deyil!”.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov bunu TodayPress TV-yə danışarkən bildirib.
“Son zamanlar Azərbaycan ilə Rusiya arasında müşahidə olunan diplomatik və siyasi gərginlik fonunda Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında imzalanan “Hərbi qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi üzrə Anlaşma Memorandumu” olduqca strateji və zamanında atılmış addımdır”.
Onun sözlərinə görə, memorandum təkcə iki qardaş ölkənin hərbi əməkdaşlığını yeni mərhələyə daşımaqla kifayətlənmir, eyni zamanda beynəlxalq güclərə, xüsusən də Rusiyaya açıq mesaj verir:
“Bu sənəd bir daha göstərdi ki, Azərbaycan regional proseslərdə tək deyil. Türkiyə güclü və nüfuzlu dövlətdir. Onun bu anlaşmadakı iştirakı, Azərbaycanın təhlükəsizliyinə verdiyi təminat çox önəmlidir”.
Ekspert xatırladıb ki, Şuşa Bəyannaməsi bu gün Azərbaycan üçün real və hüquqi təminatdır və memorandum da bu xəttin davamıdır. Həmçinin Azərbaycan ordusunun NATO standartlarına uyğun olaraq Türk modeli əsasında yenidən qurulması prosesi artıq başa çatıb. Lakin bu uğur bəzi dairələri, xüsusən də Rusiyanı narahat edir.
“Rusiya mediasında Azərbaycana qarşı açıq təbliğat aparılır. Bəzi Kremlə bağlı simalar, xüsusən də Vladimir Solovyov, Olqa Skabeyeva və Marqarita Simonyan kimi jurnalistlər Azərbaycanın ünvanına təhdid ritorikası ilə çıxış edirlər. Hətta “Oreşnik” roketi ilə Bakının vurulması kimi sərsəm bəyanatlar səsləndirilir. Məhz belə bir vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın yanındayıq” bəyanatı və ardınca imzalanan anlaşma geosiyasi balansın saxlanması baxımından əhəmiyyətli rəmzi güc daşıyır. Bu sənədlə Rusiyaya açıq şəkildə bildirildi ki, Azərbaycanın arxasında təkcə siyasi deyil, hərbi müttəfiqi olan Türkiyə dayanır və istənilən təhlükəyə qarşı reaksiya gecikməyəcək”.
Polkovnik gələcəkdə bu memorandumun praktik əhəmiyyətinin daha da artacağını, birgə hərbi təlimlərin intensivləşəcəyini, o cümlədən hərbi sənaye və müdafiə strukturlarının inteqrasiya səviyyəsinin yüksələcəyini vurğulayıb.
Sonda o diqqətə çatdırıb ki, Azərbaycan müasir və güclü ordusu, sabit hərbi tərəfdaşlığı və regiondakı mövqeyi ilə artıq təkcə lokal deyil, qlobal təhlükəsizlik arxitekturasında da mühüm rol oynamağa başlayıb.
Qeyd edək ki, iyulun 22-də “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb. Görüş əsnasında “Hərbi qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi üzrə Anlaşma Memorandumu” imzalanıb.
Töhfə Səməd
tag: Rövşən Məhərrəmov,Polkovnik,Azərbaycan,Türkiyə,Todaypress.tv,
