120 MİLYONLUQ ixrac: Azərbaycan-Suriya əlaqələri genişlənir
Siyasət
17.02.2026 23:40
Azərbaycan ötən il Suriyaya 120 milyon dollarlıq qaz ixrac edib.
Bəs bu, ölkə iqtisadiyyatına necə təsir edəcək?
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli TodayPress TV-yə danışarkən bildirib ki, 120 milyon dollarlıq qaz ixracı ölkəyə əlavə valyuta axını və uzunmüddətli sabitlik imkanı qazandırır.

Onun sözlərinə görə, Azərbaycanın Suriyaya 120 milyon dollar dəyərində qaz ixrac etməsi ölkəyə bir neçə iqtisadi üstünlük verir:
"Bu ixrac ilk növbədə ölkəyə əlavə xarici valyuta axını yaradır və dövlət büdcəsinin gəlirlərini, eləcə də ümumi tədiyə balansını gücləndirir. Əldə olunan vəsait sosial layihələrin maliyyələşdirilməsinə, infrastrukturun inkişafına və strateji ehtiyatların artırılmasına yönəldilə bilər".

Ekspert vurğulayıb ki, qaz ixracı enerji sektorunun gəlirliliyini artırır və Dövlət Neft Fondu vasitəsilə uzunmüddətli iqtisadi sabitliyə töhfə verir. Onun fikrincə, yeni bazarlara çıxış ixracın şaxələndirilməsi baxımından əhəmiyyətlidir və bu, ənənəvi bazarlardan asılılığın azalmasına, risklərin bölüşdürülməsinə imkan yaradır.
"Belə ixrac müqavilələri siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsinə də təsir göstərir. Enerji əməkdaşlığı uzunmüddətli tərəfdaşlıq formalaşdıra və gələcəkdə tikinti, logistika və xidmət sektorunda əməkdaşlıq imkanlarını genişləndirə bilər", - deyə A. Nəsirli izah edib.
İqtisadçı əlavə edib ki, qaz ixracından əldə olunan gəlirlər daxili iqtisadiyyatda investisiya imkanlarını artırır, məşğulluğa dolayı təsir göstərir və ümumi iqtisadi artımı dəstəkləyir.
Aysel Mətləb
tag: Akif Nəsirli,Suriya,Azərbaycan,Qaz,İqtisadi,Todaypress.tv,
