Yayda artan mədə-bağırsaq infeksiyaları ilə bağlı XƏBƏRDARLIQ

Sağlamlıq

22.07.2025 19:20

İsti havalarda qida zəhərlənmələrinin əsas səbəbi qidaların soyuq şəraitdə saxlanması qaydasının pozulmasıdır.

TodayPress TV xəbər verir ki, statistikaya əsasən, xəstələr əsasən mədə və bağırsaq şikayətləri – ürəkbulanma, qusma və ishal ilə xəstəxanalara müraciət edirlər.

Mütəxəssislərin sözlərinə görə, açıq şəkildə satılan qidalar, səyahət zamanı yol şəraiti, piknik və digər açıq hava fəaliyyətləri qidaların tez xarab olmasına səbəb ola bilər. Mümkün qədər açıqda satılan məhsullardan uzaq durmaq, etibar edilən mənbədən olan suyu istifadə etmək və gigiyenik şəraitə diqqət yetirmək vacibdir.

İnfeksiyaların qarşısının alınmasında əl təmizliyinin rolu da olduqca böyükdür. Əlləri tez-tez sabun və su ilə yumaq məsləhət görülür.

Bundan başqa, isti hava şəraitində tez xarab ola bilən məhsullar mütləq soyuducuda saxlanmalıdır. Çünki pişməmiş və ya açıq havada saxlanılan məhsullar mikroorqanizmlərin inkişafına və xəstəliklərin yaranmasına səbəb ola bilər. Xüsusilə yumurta tərkibli krem, tort, eləcə də toyuq məhsullarının istehlakı zamanı diqqətli olmaq lazımdır. Bu qidalar zəhərlənmə riski baxımından daha həssasdır.

Qida zəhərlənmələrinin ilk əlamətləri isə ürəkbulanma, qusma və ishaldır. Bu hallarda mümkün qədər çox maye qəbul edilməlidir. Əksər hallarda bu infeksiyalar bir-iki gün ərzində keçib gedir. Lakin qızdırma, halsızlıq və maye qəbulunda çətinlik varsa, xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olanlar təcili şəkildə həkimə müraciət etməlidirlər.

Töhfə Səməd

tag: İsti hava,Qida,Zəhərlənmə,Todaypress.tv,