İflic olan yaşlı xəstədə böyrək törəməsi əməliyyatı icra edildi

Sağlamlıq

16.09.2025 10:33

22 avqust 2025-ci il tarixində 65 yaşlı pasiyent (qadın cinsli) böyrəklərdə kəskin ağrı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Urologiya şöbəsinə müraciət edib.

TodayPress TV xəbər verir ki, aparılan müayinələr nəticəsində xəstəyə ürək çatışmazlığı, keçirilmiş ürək cərrahiyyəsindən sonra postoperativ ağırlaşmalar, sol böyrəyin böyük ölçülü törəməsi, ağciyər çatışmazlığı, döş qəfəsində maye yığılması və Giyen–Barre sindromu (sinir sisteminə təsir edərək əzələ zəifliyi, reflekslərin azalması, uyuşma və müvəqqəti iflicliklə müşahidə olunan nevroloji xəstəlik) diaqnozları qoyulub.

Urologiya şöbəsinin müdiri, həkim-uroloq Araz İbrahimov tərəfindən sol böyrəyin böyük ölçülü törəməsinin əməliyyatı planlaşdırılsa da, yanaşı xəstəliklərə görə, poliklinik müalicəyə ehtiyac olduğu müəyyən edilib. Onun müalicəsi şöbədə aparılıb. Vəziyyəti stabilləşdikdən sonra əməliyyat qərarı verilib.

Mərkəzin həkim-uroloqu Araz İbrahimov tərəfindən sol böyrək törəməsi və ətraf piy toxumaları cərrahi yolla çıxarılması əməliyyatı icra edilib. Uğurlu keçən əməliyyatdan sonra xəstə təkrar şöbəyə yerləşdirilib.

Əməliyyat sonrası interaktiv müalicə prosedurları nəticəsində pasiyentin vəziyyəti stabilləşib və qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

TodayPress TV

tag: KTM,Uğurlu,Əməliyyat,Cərrahiyyə,Todaypress.tv,