Ermənistanda müxalifət Paşinyana qarşı impiçment prosesinə başlayır
Qərbi Azərbaycan
07.06.2025 14:10
Ermənistan parlamentində təmsil olunan müxalif "Şərəfim var" fraksiyası Baş nazir Nikol Paşinyana qarşı impiçment təşəbbüsü ilə çıxış edib.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə fraksiyanın yaydığı rəsmi bəyanatda bildirilib.
Fraksiya, Ermənistan hökumətinin Baş naziri postuna Masis şəhərinin meri David Ambarsumyanın namizədliyini irəli sürmək niyyətindədir.
Qeyd edək ki, 2008–2018-ci illərdə prezident olmuş Serj Sarkisyanla əlaqələndirilən "Şərəfim var" fraksiyası parlamentdə cəmi 6 yerə malikdir. Lakin təşəbbüsün parlamentin gündəliyinə salınması üçün ən azı 36 deputatın dəstəyinə ehtiyac var.
Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" müxalifət fraksiyası (1998–2008-ci illər) artıq bəyan edib ki, əgər əlavə 8 səs toplanarsa, 28 deputatı bu sənədi imzalamağa hazırdır. Bundan başqa, parlamentdə Paşinyanın "Vətəndaş Müqaviləsi" fraksiyasından çıxmış 2 müstəqil deputat da var, lakin onlar Sarkisyan və ya Koçaryanla əlaqəli namizədə səs verməyəcəklərini bildiriblər.
Təşəbbüs parlamentin gündəliyinə salınsa belə, Baş naziri vəzifədən uzaqlaşdırmaq üçün 54 deputatın səsi tələb olunur.
Töhfə Səməd
tag: Ermənistan,Paşinyan,İmpiçment,Proses,Todaypress.tv,