Erməni kilsəsi Paşinyanı tənqid etdi
Qərbi Azərbaycan
30.05.2025 16:02
Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədəki kilsələri “zibilli şkaflar”la müqayisə etməsi cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusən də ruhani çevrələrin sərt reaksiyasına səbəb olub.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Sünik yeparxiyasının rəhbəri, yepiskop Makar Akopyan bu açıqlamanı tənqid edərək bildirib ki, Paşinyanın sözləri dövlətlə kilsə arasında qarşılıqlı hörmət prinsiplərini sarsıdır və cəmiyyətin mənəvi sabitliyini təhlükə altına qoyur.
Yepiskopun yaydığı bəyanatda bildirilir: “Bu, sadəcə linqvistik səhv deyil. Baş nazir kilsə haqqında bu cür danışdıqda, bu, dolayı yolla dövlətlə kilsə arasındakı hörmətə xələl gətirir və mənəvi balansı pozur”.
Akopyan əlavə edib ki, kilsələri “çulxan”a bənzətmək həm yersiz, həm də son dərəcə təhqiramizdir. Onun sözlərinə görə, bu ifadə əsrlər boyu xalqın mənəvi dayaq nöqtəsi olmuş bir institutun nüfuzuna xələl gətirir.
Qeyd edək ki, Paşinyan mayın 29-da keçirilən hökumət iclasında Ermənistan Apostol Kilsəsini sərt tənqid edərək, onun “çulxana çevrildiyini və burada hər cür köhnə əşyanın yığıldığını” söyləyib. Bu bəyanatdan dərhal sonra, Ümumerməni Kilsəsinin rəhbər orqanı olan Əçmiədzin Katolikosluğunun kargüzarlıq rəhbəri, arxiyepiskop Arşak Xaçatryan açıq məktubla çıxış edərək Baş naziri “təhsilsizlikdə və ictimai ünsiyyətdə böhran keçirməkdə” ittiham edib.
30 may səhər saatlarında isə Paşinyanın və həyat yoldaşı Anna Akopyanın "Facebook" səhifələrində Ermənistan Apostol Kilsəsinin nümayəndələrinə qarşı bir neçə tənqidi, bəzən təhqiramiz və qeyri-etik ifadələr işlədilən paylaşım dərc olunub.
Hadisələr fonunda Ermənistan müxalifəti Paşinyanı sərt tənqid edib, bir sıra ictimai-siyasi xadimlər isə onun və həyat yoldaşının kilsədən kənarlaşdırılmasını tələb ediblər.
Qeyd edək ki, son illərdə Paşinyanla ruhani çevrələr arasındakı münasibətlər xeyli gərginləşib. 2020-ci ildə Əçmiədzin Katolikosluğu onun istefasını tələb etmiş və Qarabağ siyasətini açıq şəkildə tənqid etmişdi. Baş nazir dəfələrlə Ermənistan Apostol Kilsəsinin vergiyə cəlb olunmasını təklif edib və ötən il onu “təsir agenti” adlandırıb.
Töhfə Səməd
tag: Ermənistan,Baş nazir,Nikol Paşinyan,Makar Akopyan,todaypress.tv,