Astronomlar yeni qara dəlik aşkar etdilər
Maraqlı
24.07.2025 15:13
Astronomlar sonsuzluq simvoluna bənzər qalaktika və onun tam mərkəzində yeni doğulmuş superkütləli qara dəlik aşkar ediblər.
TodayPress TV xəbər verir ki, bunu astronom Pieter van Dokkum və Yale Universitetindəki komandası müəyyən ediblər.
“Sonsuzluq qalaktikası” adlandırılan bu quruluş əslində yaxınlarda toqquşmuş iki disk qalaktikası tərəfindən əmələ gəlib. Yaranan struktur sonsuzluq simvoluna bənzəyir. Amma onu qeyri-adi edən təkcə onun forması deyil. Qara dəliyin hər iki qalaktikanın nüvələrindən kənarda, sistemin düz mərkəzində yerləşməsi elm adamlarını heyrətə salıb.
“Bu, yeni doğulmuş superkütləvi qara dəliyin ilk birbaşa müşahidəsi ola bilər. Bu, əlimizdə olan ən güclü dəlildir”, - deyə Dokkum bildirib.
O, sonsuzluq qalaktikasının qeyri-adi sıx qaz şəraitinin birbaşa qara dəliyə səbəb ola biləcəyinə dair nadir bir nümunə təqdim etdiyini bildirib.
“Burada iki disk qalaktikası toqquşub və ulduz halqaları yaranıb. Toqquşma zamanı qaz o qədər sıxışdırılıb ki, bu sıxılma qara dəliyin əmələ gəlməsinə səbəb ola bilər”, - deyə o qeyd edib.
Araşdırma komandası bildirib ki, bu qeyri-adi qara dəliyin həqiqətən yeni doğulmuş superkütləli qara dəlik olub-olmadığını müəyyən etmək üçün əlavə müşahidələrə ehtiyac var.
Aysel Mətləb
tag: Astronom,Sonsuzluq,Qalaktika,Qara dəlik,Todaypress.tv,