40 santimetrlik yeni həşərat növü aşkarlandı

Maraqlı

31.07.2025 19:30

Avstraliyada alimlər uzunluğu 40 santimetr olan yeni çubuqlu həşərat növü aşkar ediblər. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Ceyms Kuk Universitetinin əməkdaşları Anqus Emmot və Ros Koplənd nəhəng həşəratı bir internet istifadəçisinin göndərdiyi foto sayəsində tapıblar. Maraqlı görünüşlü bu həşərat onları təəccübləndirib və onlar nümunəni araşdırmaq üçün axtarışa başlayıblar.

Uzun axtarışlardan sonra tədqiqatçılar yüksək dağlıq ərazilərdə, ağacların arasında bu həşəratın dişi nümayəndəsini tapıblar. Onun ölçüsü yeni doğulmuş körpə ilə müqayisə edilə biləcək qədər böyük olub. Yeni növə "Acrophylla" alta adı verilib.

Bu növ hazırda Avstraliyanın ən ağır həşəratı hesab olunur və əvvəlki rekordçu olan nəhəng kərgədan hamamböcəyini geridə qoya bilər. Alimlərin fikrincə, bu çubuqlu həşəratın nəhəng ölçüsü onun yaşadığı sərin və rütubətli mühitlə bağlı ola bilər. Tədqiqatçılar növü tam təsdiqləmək üçün indi erkək Acrophylla alta nümunəsi tapmağa çalışırlar.

Türkan İsgəndərli

tag: Böcək,Nəhəng,Canlı,Avstraliya,Todaypress.tv,