Süni intellekt psixoloqlara rəqib oldu?
Maraqlı
11.06.2025 16:15
Ənənəvi terapiya xidmətlərinə çıxışın çətinləşdiyi dövrdə süni intellekt (AI) yeni bir dəstək vasitəsi kimi ön plana çıxır. 24/7 əlçatan olan, görüş üçün gözlətməyən və çox vaxt pulsuz təqdim olunan bu sistemlər milyonlarla insanın emosional yükünü paylaşmağa namizəddir. Lakin süni formada gələn empatik cavablar, insanla qurulan terapevtik münasibətin yerini verə bilərmi?
TodayPress TV xəbər verir ki, "TRT Haber" bu barədə araşdırma edib.
Bu sistemlərin hər an əlçatan olması, maliyyə baxımından daha sərfəli olması və şəxsi məxfiliyin qorunduğu hissini yaratması onların cazibəsini artırır. Ancaq insan psixologiyasından söhbət gedirsə, “əlçatan olmaq” tək başına kifayət edirmi?
AI dəstəyi “terapiya” sayıla bilərmi?
Süni intellekt əsaslı tətbiqlər empatik görünən cavablar verə bilir. Lakin psixoloqların fikrincə, bu cavablar real terapiya prosesinin təklif etdiyi təhlükəsiz və transformativ münasibəti əvəz edə bilməz:
“Bu cür cavablar dəstəkləyici mühit yarada bilər. Ancaq insan terapevtlə qurulan münasibətin təmin etdiyi sahəni yaratması gözlənilə bilməz. Terapiya münasibətində süni intellektin hələlik təqdim edə bilmədiyi bir çox müalicəedici və qoruyucu amillər var: insani təmas, etik standartlar, şəffaflıq, məlumatların gizliliyi, cavabdehlik və razılıq kimi. Bunlar isə terapiya və həkim-pasient arasındakı münasibətin təməlini qurur", - deyə bildirilib.
Psixoloji sağalma prosesində danışıq qədər mimikalar, jestlər, baxışlar və səs tonları da vacib rol oynayır. Bu nüanslar süni intellekt tərəfindən təqdim oluna bilmir. İnsanlar ünsiyyətdə ayna neyronları vasitəsilə bir-birlərinə toxunurlar. Bir şəxsin üz ifadəsini dərk edib öz reaksiyamıza əks etdirə bilirik. Bu proses emosional rezonans yaradır və empatiya qurmağa imkan verir. Süni intellekt isə bu insani təması təqdim etməkdə ciddi məhdudiyyətlərə malikdir.
Bundan başqa, texnalogiya sistemləri nə qədər inkişaf etsə də, terapiyada insan terapevtin yerini tam olaraq alması mümkün deyil. Terapiyada empatik və dəstəkləyici münasibət, müsbət dəyişimin baş verdiyi əsas sahədir. Bu səbəbdən insanla terapevt arasında qurulan emosional təhlükəsizlik və qarşılıqlı anlayış hələ də əvəzolunmaz olaraq qalır.
Töhfə Səməd
tag: Terapiya,Psixoloq,Süni intellekt,AI,todaypress.tv,