200 illik kəllə sümüyündə unikal tapıntılar aşkar edildi
Maraqlı
10.06.2025 10:59
19-cu əsrdə irqi araşdırmalar məqsədilə isveçli tədqiqatçılar tərəfindən İsveçə aparılan və 2023-cü ilin avqustunda Finlandiyaya – Palkan bölgəsindəki orijinal dəfn yerlərinə qaytarılan insan kəllələri üzərində aparılan araşdırmaların ilk nəticələri açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "YLE" məlumat yayıb.
Təhlillər Vapriikki Muzey Mərkəzinin tədqiqatçıları tərəfindən həyata keçirilib. Qaytarılma prosesi zamanı kəllələrdən nümunələr götürülüb.
Vapriikkinin tədqiqatçısı və dosenti Ulla Nordforsun verdiyi açıqlamaya görə, dörd kəllə təbii yolla mumiyalanmış vəziyyətdə olub və bu səbəbdən adi skelet araşdırması metodları ilə analiz edilə bilməyib. Sümük səthinə yapışan yumşaq toxuma skeletin öyrənilməsini çətinləşdirib.
“Söhbət təbii şəkildə mumiyalanmış insanlardan gedir. Kilsələrin döşəməsi altındakı sərin və quru şəraitdə belə mumiyalaşma prosesi olduqca asan baş verir”, - deyə Nordfors bildirib.
Mumiyalanmış kəllələrdən biri uşağa məxsusdur
Araşdırmalar zamanı kompüter tomoqrafiyası (CT) metodundan istifadə olunub. Dörd kəllədən üçü böyüklərə, biri isə uşağa məxsus olub. Məhkəmə stomatoloqunun qiymətləndirməsinə görə, uşaq təxminən 2–3 yaşında olub.
Ən diqqətçəkən tapıntı isə böyüklərdən birinə məxsus kəllədə aşkar edilib. Kəllənin içində təbii şəkildə qurumuş beyin toxuması aşkarlanıb. Bu toxumada damarların əhənglənməsi (kalsifikasiya) izləri görülüb ki, bu da şəxsin yaşlı olduğunu və ehtimal ki, damar xəstəliyindən əziyyət çəkdiyini göstərir.
Bəzi kəllələrdə dişlər də araşdırılıb. Məlum olub ki, bir şəxs ölümündən əvvəl bir neçə dişini itirib və qalan dişlər də çürümüş vəziyyətdə olub.
Töhfə Səməd
tag: Kəllə,İsveç,Finlandiya,Palkan,Araşdırma,todaypress.tv,