Türk dünyasının ən güclü iqtisadi tərəfdaşları: Azərbaycan-Türkmənistan

İqtisadiyyat

22.08.2025 12:17

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfəri, iki ölkə arasında strateji münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov yazıb. 

Onun sözlərinə görə, Türkmənistan Azərbaycanın Mərkəzi Asiyadakı əsas ticarət tərəfdaşlarından biridir və bu tərəfdaşlıq dinamik şəkildə inkişaf edir

“2024-cü ildə qlobal enerji qiymətlərindəki dalğalanmalar və ticarət həcmlərindəki azalmaya baxmayaraq, Azərbaycan ilə Türkmənistan arasında ötən illərdə müşahidə olunan iqtisadi artım bu əməkdaşlığın davamlılığını və perspektivliyini təsdiqləyir. Belə ki, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 105,1 milyon dollar təşkil edib. Bu göstərici 2022-ci ildə 535,2 milyon dollara, 2023-cü ildə isə 773,9 milyon dollara qədər yüksəlib. Cari ilin ilk aylarında ticarət dövriyyəsində müəyyən azalma müşahidə olunsa da (383,7 milyon dollar), Türkmənistan 2023-cü ildə Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşı olub”.

Parlamentari vurğulayıb ki, ötən il Mərkəzi Asiya ölkələri arasında yalnız Qazaxıstanla daha yüksək – 470,4 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Bu isə Türkmənistanı Azərbaycanın regionda ikinci əsas ticarət tərəfdaşına çevirir.

Deputatın fikrincə, bu səfər yalnız mövcud iqtisadi əlaqələrin möhkəmlənməsinə deyil, eyni zamanda strateji əməkdaşlığın yeni mərhələyə keçidinə zəmin yaradacaq.

“Azərbaycan və Türkmənistan bir-biri üçün etibarlı və perspektivli tərəfdaşlardır. Eyni zamanda bu əməkdaşlıq türk dünyası daxilində inteqrasiyanın və iqtisadi birliyin gücləndirilməsinə də töhfə verir. Bu səfər çərçivəsində əldə olunacaq razılaşmaların yaxın perspektivdə iki ölkə arasında ticarət və nəqliyyat-logistika əlaqələrinin daha da genişlənməsinə imkan verəcəyi gözlənilir,” – deyə Vüqar Bayramov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gedib.

Töhfə Səməd

tag: Vüqar Bayramov,Deputat,Azərbaycan,Türkmənistan,Todaypress.tv,

photo