Sadiq Qurbanov: "Təmiz enerji Azərbaycanın enerji siyasətində strateji amilidir"
İqtisadiyyat
23.01.2026 09:55
"Təmiz enerji təkcə iqtisadi resurs deyil, eyni zamanda dövlətlərin strateji təhlükəsizliyini, sosial rifahını və ekoloji sabitliyini müəyyən edən fundamental amil kimi çıxış edir".
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov Beynəlxalq Təmiz Enerji Günü Münasibətilə Dəyirmi Masa və İƏT TEM Təmiz Enerji Hakatonu 2026 Mükafatlandırma mərasimində deyib.
Onun sözlərinə görə, bu baxımdan “Təmiz enerji günü” bərpa olunan enerji mənbələrinin təşviqi ilə yanaşı, enerji siyasətinə yeni fəlsəfi və elmi baxışın formalaşdırılmasına xidmət edən mühüm beynəlxalq platforma kimi qiymətləndirilməlidir.
"Prezident İlham Əliyev çıxışlarında ardıcıl və prinsipial şəkildə vurğulayır ki, Azərbaycanın enerji strategiyası yalnız karbohidrogen ehtiyatlarının səmərəli istismarı ilə məhdudlaşmır. Bu strategiya eyni zamanda bərpa olunan enerji mənbələrinin inkişafını, enerji səmərəliliyinin artırılmasını və təmiz enerjinin bəşəriyyətin gələcəyinə verdiyi töhfələri özündə ehtiva edir".
Sadiq Qurbanov əlavə edib ki, müasir yanaşmada təmiz enerji anlayışı yalnız ətraf mühitə minimal təsir və istixana qazı emissiyalarının azaldılması ilə məhdudlaşmır.
"Enerjidən səmərəli istifadə, enerji effektivliyinin yüksəldilməsi və resurs itkilərinin minimuma endirilməsi bu konsepsiyanın ayrılmaz tərkib hissələridir".
Deputat vurğulayıb ki, bu kompleks yanaşma Azərbaycan Respublikasının milli qanunvericilik sistemində də aydın şəkildə əksini tapıb:
"Belə ki, enerji sahəsində dövlət siyasətinin konseptual çərçivəsi “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Sözügedən qanun enerji təhlükəsizliyinin təmin edilməsini və enerji resurslarından rasional istifadənin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu təsbit edir. Elektroenergetika sektorunda isə bu sahəni tənzimləyən əsas normativ sənəd kimi “Elektroenergetika haqqında” Qanun xüsusi əhəmiyyət daşıyır".
Sadiq Qurbanov bildirib ki, Azərbaycanın təmiz enerji sahəsində atdığı addımlar ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir və bu istiqamətdə həyata keçirilən islahatlar uzunmüddətli perspektivdə həm milli maraqlara, həm də qlobal ekoloji məqsədlərə xidmət edir.
Türkan İsgəndərli
tag: Sadiq Qurbanov,ADA,Tədbir,Çıxış,Todaypress.tv,
