Oleq Valentinoviç: “Bu göstərici Avropa Birliyi ilə müqayisədə 8 dəfə çoxdur”

İqtisadiyyat

26.11.2025 11:43

"Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dəmir yolu sektorunda əməkdaşlığını dərinləşdirməyə yönəlmiş mühüm addımlar atılır".

TodayPress TV xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” QSC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Valentinoviç Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib. 

O qeyd edib ki, oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə MDB dövlət başçılarının Şura iclası çərçivəsində birliyin üzv ölkələri əməkdaşlığın, xüsusilə nəqliyyat sektorunda inteqrasiyanın gücləndirilməsi istiqamətində ortaq mövqe nümayiş etdiriblər.

“Biz bu istiqamətdə ardıcıl irəliləyirik. Beynəlxalq nəqliyyat dəhlizlərinin infrastrukturunu inkişaf etdirir, yük göndərənlər üçün əlverişli şərait yaradır və yeni texnologiyaları tətbiq edirik”. 

Onun sözlərinə görə, MDB Dəmir Yolları Şurası  dəmir yollarının sabitliyini, təhlükəsizliyini və texnoloji müstəqilliyini təmin etmək, həmçinin yük və sərnişin daşımalarının keyfiyyətini yüksəltmək kimi əsas məqsədlər üzərində çalışır.

Oleq Valentinoviç əlavə edib ki, birgə səylər artıq real nəticələr verir:

“Ötən ilin yekunlarına görə, Şurada təmsil olunan dəmir yollarında yük dövriyyəsinin həcmi təxminən 3 trilyon ton-kilometr təşkil edib. Bu göstərici ABŞ-nin aparıcı dəmir yolları ilə müqayisədə 1,3 dəfə, Avropa Birliyi ilə müqayisədə isə təxminən 8 dəfə çoxdur”. 

O bildirib ki, diqqət mərkəzində olan əsas istiqamətlərə rəqəmsallaşdırma, qatarların hərəkət təhlükəsizliyi, uçot və qarşılıqlı hesablaşma sistemlərinin təkmilləşdirilməsi, elmi-texniki əməkdaşlıq, səhiyyə və ekoloji məsələlər daxildir:

“Bu gün biz birgə fəaliyyətimizin nəticələrini müzakirə edir və gələcək üçün yeni planlar müəyyənləşdiririk. Müasir, texnoloji və dayanıqlı dəmir yolu nəqliyyatı kompleksinin yaradılması üçün böyük potensialımız var”.

Türkan İsgəndərli

TodayPress TV

tag: Oleq Valentinoviç,MDB,Şura,İclas,Todaypress.tv,