Natiq Cəfərli: “Türk dövlətləri iqtisadi inteqrasiyada yeni mərhələyə daxil qoyur”

İqtisadiyyat

06.10.2025 17:59

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü keçiriləcək. 

Azərbaycan Prezidentinin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbirdə iştirak edəcəklər. 

Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü ərəfəsində türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi əsas müzakirə mövzularındandır. Son illərdə bu istiqamətdə atılan addımlar regional inteqrasiyanın dərinləşdiyini göstərir. Ekspertlər hesab edirlər ki, ortaq maliyyə institutlarının yaradılması və istehsal zəncirlərinin birgə formalaşdırılması Türk dövlətləri arasında iqtisadi münasibətləri yeni mərhələyə daşıya bilər.

İqtisadçı ekspert Natiq Cəfərli məsələni TodayPress TV-yə şərh edərkən bildirib ki, birlik kifayət qədər ciddi resurslara və artan əhali dinamikasına sahibdir, lakin qarşılıqlı iqtisadi əlaqələrdə boşluqlar var:

"Türk Dövlətləri Birliyi təxminən 4 milyon kvadrat kilometr əraziyə və 176 milyon əhaliyə malikdir. Türk dövlətləri arasında qarşılıqlı ticarət dövriyyəsi artmaqdadır. Məsələn, Azərbaycanın və Özbəkistanın Türkiyə ilə ticarət dövriyyəsində ciddi artım müşahidə olunur. Amma üzv ölkələrin bir-biri ilə, məsələn, Azərbaycanın Qırğızıstan və Türkmənistanla ticarət əlaqələrində göstəricilər hələ ürəkaçan deyil. Buna görə də elə mexanizmlər işlənməlidir ki, Türk dövlətləri birliyinin üzvləri yalnız Türkiyə ilə deyil, həm də bir-birilə iqtisadi əlaqələrini gücləndirsinlər”.

Ekspert qeyd edib ki, bu məqsədlə yeni institusional imkanlar yaradılır, o cümlədən Türk Dövlətləri Təşkilatının İnvestisiya Bankı fəaliyyətə başlayıb:

“Bu bank Türk dövlətlərinin iqtisadi inteqrasiyasına xidmət etməlidir. Məsələn, mürəkkəb istehsal sahələrində əməkdaşlıq belə qurula bilər: Televizor istehsal olunursa, bir ölkədə məhsulun ekranı, digərində mikrosxemləri, başqa birində isə yığılması həyata keçirilsin. Bu, həm şirkətlər, həm də kiçik və orta sahibkarlar arasında iqtisadi inteqrasiyanı gücləndirəcək”.

Natiq Cəfərli hesab edir ki, Türk dövlətləri birliyinin iqtisadi potensialı böyükdür, lakin bu imkanların reallaşdırılması üçün ciddi və məqsədyönlü addımlar atılmalıdır.

Jalə Rövşən 

TodayPress TV

tag: Natiq Cəfərli,İqtisadçı,TDT,İqtisadiyyat,Todaypress.tv,

photo