Azərbaycan vasitəsilə Rusiya qazının İrana nəqli: İqtisadi perspektivlər

İqtisadiyyat

17.10.2025 15:15

İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib ki, Rusiya qazının Azərbaycan üzərindən İrana nəqli yaxın vaxtlarda başlaya bilər. 

Onun sözlərinə görə, praktiki olaraq bütün məsələlər həll olunub, yalnız Qazpromla qiymət razılaşması qalır.

Xatırladaq ki, Rusiya və İran Azərbaycan ərazisindən ildə 2 milyard kubmetr qaz ötürülməsi barədə razılığa gəliblər və həcmin gələcəkdə 55 milyard kubmetrə qədər artırılması planlaşdırılır. Energetika naziri Sergey Tsivilevin sözlərinə görə, ilk tədarük 2025-ci ildə başlaya bilər. Rusiya ilə Azərbaycanı birləşdirən Mozdok – Mahaçqala – Hacıqabul qaz kəməri artıq mövcuddur və yeni istiqamət bu infrastrukturdan istifadə etməklə həyata keçiriləcək.

Məsələ ilə bağlı TodayPress TV - yə danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, böyük həcmli idxaldan danışmaq hələ tezdir:

“Əslində, İran Rusiyadan qısahəcmli qaz ala bilər. Amma burada söhbət çox böyük həcmlərin - 50 milyard kubmetr qazın gələcəkdə alınmasından gedir. Bu, çox ciddi bir məsələdir və bunun üçün yeni tranzit xətləri qurulmalıdır. Azərbaycan tranzit ölkə kimi bunda niyə də maraqlı olmasın?". 

Ekspert prosesin yeni təsir mexanizmi ola biləcəyinə də diqqət çəkib:

"Azərbaycandan keçəcəksə, Azərbaycan tranzit haqqı qazanacaq və Rusiyaya, İrana təsir mexanizmləri əldə edəcək. Ona görə də əgər bu məsələ baş tutacaqsa, yeni xəttlər çəkiləcəksə və gələcəkdə böyük həcmdə Rusiya qazının İranın şimalına, Azərbaycanla sərhəd hissələrinə verilməsi reallaşacaqsa, bu,  Azərbaycan üçün kifayət qədər uğurlu iqtisadi, geosiyasi hadisəyə çevrilə bilər".

İqtisadçının sözlərinə görə, buna zaman və investisiyalar lazımdır:

"İndiki infrastruktur imkan verir ki, İran Rusiyadan 1,5–2 milyard kubmetr qaz ala bilsin. Böyük həcmlər üçün əlavə boru xətlərinin Rusiya sərhəddindən İran sərhədinə qədər Azərbaycan vasitəsilə çəkilməsinə ehtiyac var ki, buna da illər lazımdır”.

Jalə Rövşən 

TodayPress TV

tag: Natiq Cəfərli,İqtisadçı,Azərbaycan,Qaz,Rusiya,İran,Todaypress.tv,