Elnur Soltanov: Təmiz enerjiyə keçid qaçınılmazdır
İqtisadiyyat
23.01.2026 10:20
"Təmiz enerji mövzusu qlobal miqyasda geosiyasi və geoiqtisadi prosesləri formalaşdıran əsas istiqamətlərdən birinə çevrilib".
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov deyib.
O bildirib ki, ənənəvi enerji mənbələri artan tələbatı tam şəkildə ödəmək gücündə deyil və bu səbəbdən alternativ enerji mənbələrinə keçid artıq zərurətə çevrilib.
"Yalnız neft, qaz və daş kömür kimi qalıq yanacaqlara əsaslanan enerji modeli uzunmüddətli perspektivdə davamlı deyil. Bərpa olunan enerji mənbələri, xüsusilə günəş və külək enerjisi enerji təhlükəsizliyi baxımından mühüm üstünlüklərə malikdir. Neft və qaz hər yerdə mövcud deyil, lakin günəş və külək demək olar ki, bütün ölkələr üçün əlçatandır. Bu da bərpa olunan enerjini strateji cəhətdən əvəzolunmaz edir".
Nazir müavini diqqətə çatdırıb ki, təmiz enerjiyə keçidin əsas səbəblərindən biri də iqlim dəyişiklikləridir.
Elnur Soltanov enerjidən ən intensiv istifadə olunan sahələrə də toxunaraq qeyd edib ki, elektrik enerjisi istehsalı, nəqliyyat, ev təsərrüfatları və sənaye bu baxımdan əsas istiqamətlərdir.
"Elektrik enerjisinin böyük hissəsi yaşıl mənbələrdən əldə oluna bilər. Hələlik ənənəvi yanacaqlardan tam imtina texnoloji baxımdan mümkün deyil. Əsas çağırışlar texnologiyaların mövcudluğu və maliyyələşmə mexanizmləridir. Bəzi sahələrdə texnologiyalar hələ formalaşmayıb və bu, qlobal miqyasda həllini gözləyən məsələdir".
Rəsmi əlavə edib ki, maliyyə alətlərinin genişləndirilməsi və regional əməkdaşlıq, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə təşəbbüslər bu prosesə ciddi təkan verə bilər.
Türkan İsgəndərli
tag: Elnur Soltanov,ADA,Tədbir,Çıxış,Todaypress.tv,
