"Azərbaycan Avrasiyanın strateji nəqliyyat qovşağına çevriləcək" - İqtisadçı DETALLARI AÇIQLADI

İqtisadiyyat

25.08.2025 16:37

“Hazırda Xəzərin şərq sahilindən yüklər əsasən üç liman vasitəsilə Bakıya daxil olur və buradan iki əsas istiqamət üzrə bölünərək daşınır. Zəngəzur dəhlizi işə düşdükdən sonra isə Orta Dəhlizin yeni seqmenti məhz işğaldan azad edilmiş ərazilər üzərindən keçərək Zəngəzur, Naxçıvan, Türkiyə və daha sonra Avropaya qədər uzanacaq. Bununla yanaşı, həm Gürcüstan, həm də Zəngəzur marşrutu Bakıdan şaxələnərək paralel logistika imkanları yaradacaq”.

İqtisadçı Eldəniz Əmirov bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

O vurğulayıb ki, hazırkı mərhələdə Xəzərin həm şərq, həm də qərb hissəsi Azərbaycanın iştirakı ilə inteqrasiya olunur. Qazaxıstanın Aktau və Kurık limanları, eləcə də Türkmənistanın Türkmənbaşı limanı vasitəsilə yüklər Bakı limanına yönləndirilir. Bakı-Türkmənbaşı-Bakı bərə xətti bu prosesin mühüm halqalarındandır. Bu yüklər daha sonra Bakı üzərindən Orta Dəhliz vasitəsilə Avropaya daşınır.


Ekspert əlavə edib ki, Azərbaycan yalnız region ölkələri üçün deyil, Çin də daxil olmaqla geniş coğrafiyada mühüm strateji tərəfdaşa çevrilib:

“Eyni zamanda, “Lapis Lazuli” marşrutu da Azərbaycan ərazisindən keçməklə Orta Dəhlizə inteqrasiya olunur. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan təkcə Xəzər regionunun deyil, bütövlükdə Avrasiya materikinin ən etibarlı tranzit məkanlarından birinə çevrilib. Bu etibarlılıq həm siyasi sabitlik, həm də müasir infrastrukturun mövcudluğu ilə bağlıdır”.

E.Əmirovun fikrincə, Şimal-Cənub nəqliyyat dəhlizi də bu sistemə əlavə olunduqda Azərbaycanın, xüsusilə də Bakı şəhərinin geostrateji mövqeyi daha da güclənəcək:

“Azərbaycanın apardığı tarazlı və strateji siyasət həm region ölkələri, həm də qlobal güclər, xüsusilə ABŞ və Avropa üçün məqbul və cəlbedicidir. Çünki bu nəqliyyat və enerji əməkdaşlığından birbaşa fayda götürən tərəflər arasında onlar da var”. 

Qeyd edək ki, avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə yüksəksəviyyəli görüş keçirilib.

Görüş zamanı ölkələrimizin iqtisadi əməkdaşlıq baxımından potensialı nəzərdən keçirilib. 

Aysel Mətləb

tag: Eldəniz Əmirov,Ekspert,Azərbaycan,Avrasiya,Todaypress.tv,