“Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi
“Uilyams” komandasının rəhbəri Ceyms Vouls Macarıstan Qran-prisində Karlos Sayns və “Maklaren” pilotu Oskar Piastri arasında baş verən insidentlə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə “RaceFans” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, hadisənin baş verməsinə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mavi bayraq sistemində yaranan nasazlıq, komandanın qərarları və “Aston Martin” pilotu Fernando Alonsonun hərəkətləri təsir göstərib.
Vouls bildirib ki, yarış zamanı avtomatik mavi bayraq xəbərdarlıq sistemi işləmədiyi üçün pilotlar liderə nə vaxt yol verməli olduqlarını müəyyənləşdirməkdə çətinlik çəkiblər. Nəticədə yalnız marşalların göstərdiyi bayraqlara güvənmək məcburiyyətində qalıblar.
Komanda rəhbəri qeyd edib ki, Alonso əvvəlcə liderə yol verməli olsa da, bunu etməyib. Bu isə hadisələrin gedişinə təsir edib və Saynslə Piastri arasında təmasın yaranmasına səbəb olan vəziyyəti daha da mürəkkəbləşdirib.
Vouls əlavə edib ki, “Uilyams” da məsuliyyətdən yayınmır. Onun sözlərinə görə, komanda Saynsi Piastrinin yaxınlaşması barədə daha erkən xəbərdar etməli idi. Bununla belə, məqsədlərinin avstraliyalı pilotun qarşısını kəsmək olmadığını vurğulayıb.
Xatırladaq ki, insidentdən sonra stüardlar Karlos Saynsi təqsirli hesab edərək ona 5 saniyəlik cəza tətbiq ediblər.
Namiq HUN