Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər
Cənubi Asiya futbol çempionatı tarixində ilk dəfə Nepal millisinin iştirakı olmadan keçirilə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Kathmandu Post” nəşri məlumat yayıb.
Bildirilir ki, buna səbəb FIFA-nın Nepal Futbol Assosiasiyasının (ANFA) təşkilata üzvlüyünü nizamnamə pozuntularına görə müvəqqəti dayandırmasıdır.
Noyabrın 4-17-də Banqladeşin paytaxtı Dəkkədə keçirilməsi planlaşdırılan Cənubi Asiya çempionatı ilə bağlı Cənubi Asiya Futbol Federasiyası (SAFF) hələlik Nepalın iştirakı olmadan yarışın necə təşkil ediləcəyinə dair açıqlama verməyib.
Xatırladaq ki, FIFA daha əvvəl Nepal millisinin və ölkə klublarının bütün beynəlxalq yarışlarda iştirakını qadağan edib, ANFA isə təşkilatın üzvü kimi bütün hüquqlarını itirib.
FIFA-nın baş katibi Mattias Qrafströmün məktubunda qərarın səbəbi kimi assosiasiyanın nizamnaməsinin pozulması və seçki prosesinə üçüncü tərəflərin müdaxiləsi göstərilib.
Qərarla bağlı məktubun surəti Asiya Futbol Konfederasiyasına (AFC) göndərilib, həmçinin FIFA-nın bütün üzvləri bu barədə məlumatlandırılıb.
Namiq HUN