Heç kimin “Qarabağ"a borcu yoxdur! – Şakir Eminbəyli yazır...
İdman
04.09.2025 11:50
Bütün "günahlar" birmənalı olaraq Qurbanın və Qarabağ FK idarəçilərinin adına yazılmalıdır, baiskar onlardır!
Axı siz niyə görə "foot"u olmayan ölkənin bir klubunu, illər boyu UEFA bayrağı altında keçirilən turnirlərin qrup mərhələsinə çıxararaq bu milləti özündən bədgüman, özündən razı etdiniz?!
Niyə Avropanın say-seçmə komandaları ilə kəllə-kəlləyə gəlib, yuxumuzda belə görə bilməyəcəyimiz qalibiyyətlər qazanıb, "biz də futbol ölkəsiyik" kimi yalançı illüziyanı millətin beyninə yeritdiniz?!
"Braqa"nın günahı nə idi ki, onu turnirdən kənarlaşdırdınız? "Leverkusen"in "Bayer" kimi klubu ilə oyunda qələbəyə bərabər məğlubiyyətlərə uğradınız və stadionsuz, futbolsuz, futbolçusuz, o cümlədən azarkeşsiz bir ölkənin insanında "futbolu biz yaratmışıq" fikri formalaşdırıb, sonradan da onları məyus, bəzilərini isə hətta "biabır" etdiniz?!
İnsanlarımızın xəyallarını puç elədiniz!
Bizə lazım idi?! Lazım idimi bizi o yüksəkliklərə qaldırmaq?
Bu gün də eyni səhvləri təkrar edir, gələcək günahların bünövrəsini qoyursunuz.
"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsində iştirakını kimsə yüksək nailiyyət, möhtəşəm nəticə kimi dəyərləndirsə də, xəbəriniz olsun ki, əslində, bu, böyük bir xətadır. Amma gəlin görək, bu səhv addımların günahkarı kimlərdir?
Azərbaycan çempionatının matçlarına bilet almayıb, stadionun yolunu belə tanımayan, həyatında bircə dəfə də olsun klub atributlarını satın almayan azarkeşlərmi? Əlbəttə ki, yox!
Əminəm ki, heç zaman "Qarabağ"a bir qəpik də pul xərcləməyən ölkənin böyük holdinqlərini, korporasiyalarını, bank, sığorta, mobil operator şirkətlərini də bu yalnış addımda günahlandırmaq olmaz! Bəs kim? Cavab sadədir - "Qarabağ"ı bu səviyyəyə gətirib çıxaran, illərdir, bu işlə məşğul olan klub idarəçiləridir günah sahibləri! Əməllərindən xəbərsiz bu biçarələr "Qarabağ"ın uğurlu addım atmasında içi mən daxil ölkənin say-seçmə futbol mütəxəssislərinin fikirləri ilə əsla razılaşmır, bu dəyərli məsləhətləri qəbul etmir, onları bir kənara itələyərək uçuruma doğru iri addımlarla irəliləyirlər.
Yaxşıdır ki, klub rəsmiləri "heç bir infrastrukturun olmadığı ölkədə son on iki ildə UEFA turnirlərinin qruplarında daima iştirak edib, ölkə futboluna reytinq xalları, klubun özünə isə azdan-çoxdan pul-para qazandırırıq" deyib üzümüzə durmurlar...
Harda görülüb ki, sponsor və UEFA ola-ola, klub, bilet və yaxud Allah eləməmiş, klub atributlarının satışından pul qazana?! Heç "Qarabağ " kimi komanda azarkeşin ümidinə qalarmı?
Əslində, mən də başda olmaqla heç bir kəsin "Qarabağ"a borcu yoxdur. Tamaşaçının işi kluba mənəvi və psixoloji dəstək göstərməkdən ibarətdir ki, biz də evdə televizor qarşısında oturub bu işin öhdəsindən gözəl gəlirik.
Kimsə sual edə bilərmi ki, "hansı haqla biz heç bir qatqımız olmadan klubdan nəsə istəyirik, tələb edirik?". Cavabımız dərhal hazırdır: “haqqı olmayan tək bir şəxs varsa, o da bu sualı ortaya atanın özüdür”.
UEFA bayrağı altında Bakıda keçirilən oyunlarda biletlərin su qiymətinə satıldığını dilə gətirənlərə də cavab olaraq bildirmək lazımdır ki, bizim sevgimiz pulla-parayla ölçülmür!
Vətənimin "Qarabağ"dan Avropa səviyyəsində futbol tələb edən gözəl insanları!
Gəlin, heç olmasa, birlikdə özümüzə kənardan baxmağa cəhd edək.
Qeyri-ciddi, qeyri-peşəkar, qeyri-səmimi müzakirələri bir anlığa kənara qoyub, real mənzərəni sağlam düşüncə, soyuq beyinlə təhlil edək. Futbol sənayesinin ən incə detallarına bu qədər yaxından bələdiksə, ölkə futbolunun ümumi vəziyyətinə toxunmadan bir anlığa özümüzü "Qarabağ" idarəçisi, Baş məşqçisi, klub rəhbəri vəzifəsində görək. Doğurdanmı klubun maraqlarını biz onlardan daha yaxşı qoruya bilərik? Doğurdanmı illər boyu bu klubu olduğu yerə gətirənlər futbol biznesini bizdən pis bilir? Həqiqətənmi biz onların yerində olsaq, "Qarabağ" daha yüksək zirvələrdə olardı? Belədirsə, niyə "Qarabağ"ın başında biz yox, onlar dayanıb? Niyə biz özümüzə "belə ağıllı, səviyyəli futbol mütəxəssisiyəmsə, bu vaxta qədər heç olmasa, uğurlu bir məhəllə klubu yarada bilməmişəm" sualı vermirik?!
Obyektivlikdən uzaq və qeyri-peşəkar bu yanaşma şəxsən məndə ikrah doğurur.
Belə çıxır ki, "Qarabağ"ın daha da çox gəlir qazanmasını klubun başbiləndərindən daha çox biz istəyirik?!
İdman, ələlxüsus da futbol yazarları, şərhçiləri, ekspertləri öz peşəkar işi ilə məşğul olub zəhmətləri müqabilində özünün, ailəsinin güzəranını təmin etmək üçün çalışırlar. Hər kəsin öz cibi, öz marağı var. Bir sözlə, telekanal, "website", "videoblog", "podcast", sosial media və digər platformalarda bildirilən fikirlər "Qarabağ", "Neftçi", "Turan" və yerdə qalan hər hansı bir klubun kassasına maddi fayda gətirmir. Ziyanı isə göz önündədir. Klub rəhbərliyini gözdən salmaq, onları simiclikdə, xəsislikdə ittiham edib ağıllı və məsuliyyətli görünmək istəyi heç bir mənəviyyata sığmır. Axı məhz bu mütəxəssislər "Qarabağ"ı indiki səviyyəyə yüksəldiblər.
Əgər hörmətli mütəxəssislərdən kimsə hər hansı peşəkar Futbol Klubunun onların düşüncəsi əsasında işləməsini, komanda, klub, heyət formalaşdırmasını düşünürsə, yumuşaq desək, yanlış fikrə düşüb, ilk növbədə özünü aldadır.
Əmin olun, hər kəs, ələlxüsus də "Qarabağ" klubunun idarəçiləri illərin təcrübəsi və peşəkar bacarıqları sayəsində öz bəlli inkişaf xəttini sizsiz və mənsiz yürüdürlər. Və nə gözəl ki, bu, belədir!
Bu gün "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində yer aldığına görə qazandığı vəsaiti bir gündə sağa-sola xərcləyə bilməz və xərcləməli də deyil! "Qarabağ" hansı məqsədlər üçün çətinliklə qazandığı vəsaiti qısa müddətli uğur naminə boşuna xərcləməlidir? Çox baha qiymətə alınan bir futbolçunun sayəsində komandanın uğurlu çıxışına kim zəmanət verə bilər? Gözlənilən uğur qazanılmasa, cavabdehlik, məsuliyyət kimin üzərinə düşəcək? Mənim, yoxsa sənin?! Əlbəttə ki, klub rəhbərliyinin. Belədirsə, klub rəsmiləri "sonda məsuliyyət bizim üzərimizə düşəcəksə, bu gün sizin "ağıllı məsləhətinizə" nə ehtiyacımız var" deyə bilərlərmi? Əlbəttə! Belə olduğu halda kütlənin fikri sənin üçün, mənim üçün nə dərəcədə vacibdir, əhəmiyyətlidir? Heç nə qədər!
Mən kütlənin düşüncəsindən deyil, özümün kütləyə çevrilməyimdən narahatam.
İllərini ölkə futbolu haqqında yazmağa və danışmağa həsr etmiş şəxslər özləri də Tahir Gözəlin, Qurban Qurbanovun, Əmrah Çelikəlin, Asif Əsgərovun komandanın inkişafı yolu ilə bağlı fikirlərini əla bildikləri halda, yenə də ictimaiyyətdə yanlış fikir formalaşdırır, kütləni, məhz “KÜTLƏNİ” səhv istiqamətə yönəldirlər.
Saysız-hesabsız yayım platformaların tüğyan etdiyi rəqəmsal dövrdə hər kəs ağlına gələn fikri səsləndirməkdə əlbəttə ki, sərbəstdir. Amma, sənin/mənim söylədiyim sözlə atılacaq addımın məsuliyyətinin altına girməyə, cavabdehlik daşımağa hansı birimiz hazırıq? Təbii ki, heç birimiz!
"Qarabağ" "Çelsi"yə Londonda da, Bakıda da iri hesabla məğlub olmuş komandadır. Eyni şey yenidən təkrarlana bilərmi? Sözsüz!
Onda da "belə hesabla uduzub biabır olmaqdansa, elə UEFA Liqasında oynayırdıq da" sözlərini eşidəcəyik.
Molla Nəsrəddinin lətifəsi sayağı: "Qarabağ" nə edirsə etsin, kütlə öz istəyini önə çəkəcək.
"Qarabağ"ın iştirak etdiyi bu mərhələdə, eləcə də mübarizə aparacağı Liqada ən rahat oynayacaq komanda elə bizik! Ən çətini buraya qədər gəlmək idi, bundan sonra komanda heç bir psixoloji təzyiq altında olmadan meydanlara çıxacaq.
"Qarabağ" bu mərhələyə elə Musa Qurbanlı, Nəriman Axundzadə, bir sözlə, elə bu heyətlə gəlib çıxıb. İndi bu komandanın formasını geyinən yerli, eləcə də legioner futbolçuların bizdən qat-qat yüksək səviyyəli komandaların diqqətini özünə cəlb eləmək imkanı yaranıb!
Onların hər biri bu imkandan maksimum faydalanmağa çalışacaq. Çünki məhz onlar bu işə cavabdeh və məsul peşəkarlardır.
Məsuliyyət yükünün altına girənlərin həvəskarlar tərəfindən müzakirə edilməsi isə eybəcər görünür, Qarabağ haqqı!
Şakir Eminbəyli
tag: Şakir Eminbəyli,Qarabağ,Futbol,Klub,Todaypress.tv,
