Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı
UEFA-nın FIFA ilə yaşanan fikir ayrılığı fonunda öz dünya çempionatı formatını hazırladığı məlum olub.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Mənbənin iddiasına görə, FIFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planı səbəbindən UEFA-nın turniri boykot etməsi ehtimalı gündəmə gəlib. Bu fonda qurumun alternativ yarış layihəsi yenidən aktuallaşıb.
Bildirilir ki, UEFA hələ 2017-ci ildə Qlobal Millətlər Liqası layihəsini hazırlayıb. Plana əsasən, Avropa çempionatı və dünya çempionatının keçirilmədiyi tək illərdə yeni beynəlxalq turnirin final mərhələləri təşkil olunmalı idi. Lakin FIFA prezidenti Canni İnfantinonun genişləndirilmiş klublararası dünya çempionatını dəstəkləməsi səbəbindən layihə həyata keçirilməyib.
Konsepsiyaya görə, bir deyil, ümumilikdə yeddi final turniri təşkil olunmalı idi. Hər divizion səkkiz komandadan ibarət olacaq və yarışlar birbaşa 1/4 final mərhələsindən başlayacaqdı.
Hər divizionda üç Avropa, iki Cənubi Amerika, bir Afrika, bir Asiya və bir Şimali Amerika təmsilçisi yer almalı idi. Okeaniya Futbol Konfederasiyasının isə yalnız dördüncü divizionda bir komandası çıxış edəcəkdi.
Layihəyə əsasən, 2018-ci ildən Avropada tətbiq olunan UEFA Millətlər Liqasının formatı qitə üzrə seçmə mərhələsi kimi istifadə edilməli idi.
Namiq HUN