Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat

Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat
31.07.2026 08:36 İdman

FIFA dünya çempionatı və digər iri turnirlərin kommersiya hüquqlarının bir hissəsinin özəl strukturlara verilməsi ilə bağlı yayılan müzakirələrə rəsmi münasibət bildirib.

TodayPress TV xəbər verir ki, qurum yaydığı bəyanatda mediada yer alan bəzi məlumatların planlaşdırılan məsləhətləşmə prosesinə mənfi təsir göstərdiyini vurğulayıb.

FIFA bildirib ki, FIFA Forward Enterprise (FFE) layihəsi üzv assosiasiyaların futbolun kommersiya imkanlarından daha çox faydalanmasına xidmət edir və bu təşəbbüs nə FIFA-nın idarəetmə prinsiplərinə, nə də futbolun ruhuna ziddir.

Qurum bəyanatda "Heç kim futbolu satmır. FIFA belə bir təklifi heç vaxt nəzərdən keçirməyəcək" ifadəsini işlədərək, bütün 211 üzv assosiasiyanın layihə ilə tanış olmaq və öz mövqeyini sərbəst şəkildə bildirmək hüququna malik olduğunu qeyd edib.

FIFA-nın planına əsasən, turnirlərin kommersiya və əməliyyat fəaliyyəti tam şəkildə FIFA-nın nəzarətində olacaq FFE adlı törəmə quruma həvalə ediləcək. Əldə olunacaq gəlirin isə bütün 211 milli assosiasiya arasında bölüşdürülməsi nəzərdə tutulur ki, bu da ölkələrdə futbolun inkişafına əlavə investisiyalar yatırmağa imkan verəcək.

Bəyanatda vurğulanıb ki, layihə yalnız üzv assosiasiyaların əksəriyyətinin dəstəyi olduğu halda həyata keçiriləcək. Əks halda FIFA-nın kommersiya fəaliyyəti indiki qaydada davam edəcək və FFE yaradılmayacaq.

Xatırladaq ki, daha əvvəl UEFA və KONKAKAF FIFA-nın planlaşdırdığı islahatlara qarşı çıxaraq, dəyişikliklərin təsdiqlənəcəyi təqdirdə turnirləri boykot edə biləcəklərini bəyan etmişdilər.

Namiq HUN

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər