Urmiya gölü niyə quruyub?

Gündəm

08.09.2025 16:40

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölü tamamilə quruyub. Ən böyük duzlu gölün qurumasına dair peyk görüntüləri İran mediasında yayımlanıb.

Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli TodayPress TV-yə açıqlamasında bildirib ki, gölün su balansının pozulmasında həm qlobal istiləşmənin, həm də İran dövlətinin daxili siyasətinin rolu var.

Onun sözlərinə görə, suvarmaya cəlb olunan çayların qarşısında bəndlərin tikilməsi və hökumətin bu istiqamətdə atdığı addımlar nəticəsində bölgədə milyonlarla insan köç etməyə məcbur qalıb.

"Bu, təkcə ekoloji məsələ deyil, həm də siyasi xarakter daşıyır. Burada etnik tərkibi dəyişmək planı müşahidə olunur. Beynəlxalq güclərin dəstəyi olmasa, İran dövləti belə addımlar ata bilməzdi. Gölün tamamilə quruması təkcə bölgədə yaşayan türklərə deyil, həm də qonşu ölkələrə, o cümlədən Azərbaycana və Türkiyəyə təsirsiz ötüşməyəcək. Səhralaşma, duzların küləklə ətrafa yayılması, fauna və floranın məhvi region üçün böyük ekoloji təhlükə yaradır".

Qorxmaz İbrahimli ümid edir ki, yeni İran Prezidenti Məsud Pezeşkian türk köklü olduğuna görə, bu məsələyə daha həssas yanaşacaq və problemin həlli üçün ciddi addımlar atacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qorxmaz İbrahimli,Ekoloq,Urmiya gölü,Quruma,Todaypress.tv,

photo