Lütfi Akca: “Su artıq texniki deyil, diplomatik məsələdir”

Gündəm

10.09.2025 11:37

“Su resursları ilə bağlı dünyada quraqlıq, iqlim dəyişikliyi, artan ehtiyaclar və paylaşma problemləri suyun bir mərkəzi qurum tərəfindən idarə edilməsini zəruri edir”.

Bunu Türkiyə Su İnstitutunun rəhbəri professor Lütfi Akca 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında TodayPress TV-yə açıqlamasında deyib. 

O, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini (ADSEA) çox vacib struktural yenilik kimi qiymətləndirib:

“Su resursları ilə bağlı dünyada quraqlıq, iqlim dəyişikliyi, artan ehtiyaclar və paylaşma problemləri suyun bir mərkəzi qurum tərəfindən idarə edilməsini zəruri edir. Bu baxımdan, ADSEA-nın yaradılması çox mühüm addımdır. Əvvəllər müxtəlif strukturlar altında fəaliyyət göstərən qurumlar indi birləşdirilib. Bu, güclü institusional baza yaradıb.

Türkiyə olaraq əməkdaşlığa xüsusi önəm veririk. Burada bizim şirkətlərimiz yol inşaatı, suvarma layihələri, su infrastrukturunun qurulması sahəsində ciddi xidmətlər göstərirlər. Münasibətlərin inkişafı ilə yanaşı, Türkiyədə də su idarəçiliyi sahəsində böyük təcrübə mövcuddur. Dövlət Su İşləri Baş İdarəsi 1954-cü ildə yaradılıb, orada böyük təcrübə toplanıb. Türkiyə Su İnstitutu isə 2011-ci ildə yaradılıb və hazırda 14 ildir fəaliyyət göstərir”.

Professor bu müddət ərzində mühəndislər üçün çoxsaylı təlimlər təşkil edildiyini və azərbaycanlı mütəxəssislərin də bu təlimlərdən faydalandığını bildirib:

“Prosesi davam etdirmək istəyirik. Hətta mühəndisliklə kifayətlənmirik. Artıq su diplomatiyası, su siyasəti və dünyada su idarəçiliyi məsələləri daha çox ön plana çıxır. Çünki su artıq təkcə texniki məsələ deyil, həm də siyasi və diplomatik qərarların mərkəzindədir. Biz bu sahədə də təcrübələrimizi bölüşməyə, birgə təlim və inkişaf proqramlarını həyata keçirməyə hazırıq”.

Qiymət Mahir

TodayPress TV

tag: Lütfi Akca,Professor,Bakı Su həftəsi,Tədbir,Todaypress.tv,