Zaxarova: "Rusiya Özbəkistanın notasındakı məlumatları diqqətlə araşdırır"

Dünya

11.06.2025 13:39

Rusiya Federasiyası Özbəkistanın diplomatik notasında yer alan məlumatları diqqətlə araşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "TASS" agentliyinə müsahibəsində bildirib.

Zaxarovanın sözlərinə görə, Moskva və Daşkənd arasında hüquq-mühafizə və digər aidiyyəti strukturlar vasitəsilə daimi əlaqələr mövcuddur.

Diplomat əlavə edib ki, Özbəkistan tərəfinin müraciəti müvafiq qurumlara çatdırılıb və əldə olunan obyektiv məlumatlar müəyyən olunmuş qaydada Özbəkistan tərəfinə təqdim ediləcək.

Qeyd edək ki, iyunun 10-da Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov Rusiya ərazisində Özbəkistan vətəndaşlarına qarşı aparılan yoxlamalarla bağlı narahatlıq ifadə etdiklərini açıqlamışdı.

Nazirlikdə Rusiya nümayəndələrinin də iştirakı ilə məsələ ətrafında görüş keçirilmiş, vəziyyət müzakirə olunmuşdu. Daha sonra Özbəkistanın Moskvadakı səfirliyi Rusiya XİN-ə rəsmi nota göndərərək baş verənlərlə bağlı açıqlama istəmişdi.

Töhfə Səməd

tag: Rusiya ,Özbəkistan,Mariya Zaxarova,Nota,todaypress.tv,