WP: ABŞ zərbələri gözlənildiyi qədər dağıdıcı olmadı
Dünya
30.06.2025 11:38
ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlara görə, İran rəsmilərinin telefon danışıqları Tehranda gözlənilən dağıdıcı effekti verməyən Amerika zərbələri ilə bağlı məyusluq yaşandığını ortaya qoyub.
TodayPress TV xəbər verir ki, bu barədə “Washington Post” yazıb.
Məlumata görə, yüksək vəzifəli İran rəsmiləri arasında gizli qalmalı olan söhbətlərdə ABŞ-nin 22 iyun tarixində həyata keçirdiyi hava hücumlarının nüvə obyektlərini tamamilə məhv etməməsi təəccüb doğurub.
Söhbətlərdə qeyd olunub ki, prezident Donald Trampın rəhbərliyi ilə həyata keçirilən hücumlar zamanı “Tomahawk” qanadlı raketlər və ağır aviasiya bombalarından istifadə olunsa da, Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən əsas obyektlər tam dağıdılmayıb.
Analitiklər bildirirlər ki, hərçənd hücumlar ciddi ziyan vurub, lakin İran tərəfinin gözlədiyi miqyasda olmamışdır. Xüsusilə, İranın hücumdan əvvəl zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsini başqa yerə köçürməsi barədə məlumatlar var. Partlayışlar bəzi obyektlərdə girişləri bağlasa da, yeraltı qurğular əsasən salamat qalıb.
ABŞ administrasiyası isə bu iddiaları rədd edir. Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Retkliffin sözlərinə görə, hücum nəticəsində nüvə silahı istehsalı üçün vacib olan metal emalı zavodu məhv edilib və onun bərpası illər çəkəcək.
ABŞ prezidenti Donald Tramp isə bu xəbərlərə demokratları tənqid etməklə cavab verib. O, əməliyyatın İranın nüvə proqramını illərlə geri saldığını deyib və Tehran rejiminin uranı əvvəlcədən köçürdüyü barədə məlumatlara şübhə ilə yanaşdığını bildirib.
Xatırladaq ki, ABŞ 22 iyun gecəsi İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə raket zərbələri endirib. Bu əməliyyat öncəsi ABŞ regiondakı diplomatik nümayəndəliklərindən əməkdaşlarını təxliyə etmişdi. Tramp bəyan edib ki, Tehran yeni nüvə sazişi üzrə danışıqlara başlamasa, zərbələr davam edəcək.
Qiymət Mahir
tag: ABŞ ,İran,Nüvə,Zərbə,Todaypress.tv,