Polşa XİN rəhbərinin bir zənginə ABŞ Ukraynaya "Patriot" göndərdi

Dünya

25.07.2025 17:45

Polşanın xarici işlər naziri Radoslav Sikorski, ABŞ rəsmilərinə birbaşa müraciət edərək Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin təchizatının bərpasına təsir göstərib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

İyulun 4-də Sikorski, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa zəng edərək rusların Kiyevə hücumu zamanı Polşanın konsulluğuna zərər dəydiyini bildirib və ABŞ-ni bu vəziyyətə təcili reaksiya verməyə çağırıb.

Nazir, Ağ Ev lideri Donald Trampın Ukraynaya silah təchizatını bərpa etməsinə yardımçı olmağı xahiş edərək bildirib:

"Putin sizin sülh təşəbbüslərinizlə məsxərə edir. Zəhmət olmasa, Ukraynaya zenit silahlarının təchizatını bərpa edin".

Zəngdən dərhal sonra Kelloq Trampa vəziyyəti çatdırıb. Rusiyanın Kiyevə raket və dron hücumlarından dərhal sonra Tramp Pentaqona Ukraynaya hava hücumundan müdafiə sistemlərinin göndərilməsini əmr edib.

Cəmi dörd gün ərzində 40 ədəd "PAC-3" raketi hazır vəziyyətə gətirilib, onlardan 10-u Ukraynaya təcili göndərilib. İyulun 13-də Tramp Ukraynaya 10 milyard dollarlıq yeni silah satış planını və Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb.

Qeyd edək ki, bu təşəbbüsə Almaniya, Niderland və Norveç də qoşulub. Almaniya iki "Patriot" kompleksi göndərməyə razılıq versə də, onların 2026-cı ilin yazından tez göndərilməyəcəyi bildirilib. Lakin bəzi məlumatlara görə, Ukrayna artıq bu həftə yeni "Patriot" sistemini təhvil alıb.

Töhfə Səməd 

tag: Polşa,Radoslav Sikorski,Patriot,Ukrayna,Todaypress.tv,