İran ABŞ-nin sabiq dövlət katibini aradan qaldırmağa cəhd edib

Dünya

28.06.2025 19:45

İranın 2022-ci ildə Parisdə ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeonu aradan qaldırmaq cəhdi az qala uğurlu alınacaqdı.

TodayPress TV xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti jurnalistlər Coş Dousi, Tayler Peycer və Ayzek Arnsdorfun hələ nəşr olunmamış “2024: Tramp Ağ Evi necə yenidən ələ keçirdi və Demokratlar Amerikadan necə məhrum oldu” adlı kitabına istinadla məlumat yayıb.

Jurnalistlərin iddiasına görə, iranlı killerlər Pompeonun hansı oteldə qaldığını müəyyən edə biliblər və bundan sonra onun həyatına qəsd cəhdi edilib. Kitabın müəllifləri yazır ki, keçmiş dövlət katibi yalnız möcüzə nəticəsində sağ qalıb. Hadisənin digər detalları açıqlanmır.

Bundan əlavə, qeyd edilib ki, ABŞ Prezidenti Donald Tramp birinci prezidentlik müddətindən sonra davamlı şəkildə təhlükələrlə üzləşib. Eyni təhlükə onun keçmiş müşavirləri və administrasiya üzvləri üçün də keçərli olub. Ağ Ev və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışan jurnalistlər bildiriblər ki, 2024-cü il prezident seçkilərindən əvvəlki üç il ərzində Tehran ABŞ rəsmilərini azı üç dəfə aradan qaldırmağa cəhd göstərib.

Töhfə Səməd

tag: İran,Paris,ABŞ,Mayk Pompeo,Todaypress.tv,