Təyyarə qəzasında sağ qalan şəxs danışdı

Dünya

13.06.2025 14:10

Hindistanda qəzaya uğrayan "Boeing 787 Dreamliner" təyyarəsinin yeganə sağ qalan sərnişini Vişvaş Kumar, sağ qalmasının necə baş verdiyini hələ də anlaya bilmədiyini bildirib. 

TodayPress TV xəbər verir ki, o, hazırda xəstəxanada müalicə olunur və jurnalistlərə açıqlama verib.

40 yaşlı Britaniya vətəndaşı Kumar Hindistan əsillidir və ailəsini ziyarət etdikdən sonra Londona qayıdırdı. O, təyyarədə 11A oturacağında, sol pəncərənin və təcili çıxışın yanında əyləşib.

"Sağ qaldığıma inana bilmirəm. Bir anlıq mən də öləcəyimi düşündüm. Amma gözlərimi açıb ətrafa baxanda sağ olduğumu anladım. Necə sağ qaldığımı hələ də anlaya bilmirəm", - o qeyd edib.

Kumar bildirib ki, təyyarə havaya qalxdıqdan 5-10 saniyə sonra havada ilişib qalıb, sonra isə işıqlar yanıb-sönməyə başlayıb və qəfil binaya çırpılıb.

Qəza nəticəsində bortdakı digər bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. Kumarın sağ qalması Hindistanda “möcüzə” kimi qarşılanır. Hadisə ilə bağlı araşdırma davam edir.

Türkan İsgəndərli

tag: Hindistan,Təyyarə,Sağ ,Qəza,Todaypress.tv,