Tailand-Kamboca qarşıdurması: Detallar açıqlandı

Dünya

24.07.2025 10:45

Tailand Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcı təyyarələri, Kamboca ilə sərhəddəki gərginliyin eskalasiyası fonunda Kamboca ordusunun mövqelərinə hava zərbəsi endirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Khmer Times" qəzeti məlumat yayıb.

Məlumata görə, saat 11:30-da (Bakı vaxtı ilə 08:30 - red.) Tailand Hava Qüvvələrinin təyyarələri, Preahvihear vilayətindəki mübahisəli sərhəd zonasındakı Kamboca mövqelərini hədəfə alıb. Bu, qarşıdurma çərçivəsində hava qüvvələrinin ilk təsdiqlənmiş istifadəsi kimi qiymətləndirilir.

Qarşıdurmalar səhər saat 07:30-da (Bakı vaxtı ilə 04:30 - red.) Oddar-Meançeay vilayətində, mübahisəli sərhəd yaxınlığında başlayıb. Yerli sakinlər qəzetə bildiriblər ki, ərazidə şiddətli atışma və partlayış səsləri eşidilib, bu da hər iki tərəfin ağır silahlardan istifadə etdiyini göstərir.

Hazırda hər iki ordu sərhəd mövqelərini gücləndirir, vəziyyət isə gərgin olaraq qalır.

Kamboca Milli Müdafiə Nazirliyinin sözçüsü, general-leytenant Mali Soçheat bəyan edib ki, Kamboca ordusu yalnız özünümüdafiə məqsədilə hərəkət edir. Onun sözlərinə görə, Tailandın təhrik olunmamış hücumu ölkənin ərazi bütövlüyünü pozub və Kamboca buna cavab vermək məcburiyyətində qalıb.

Töhfə Səməd

tag: Tailand ,Hərbi Hava Qüvvələri,Kamboca ,F-16,Todaypress.tv,