Sibiqa: “Rusiyaya qarşı sanksiyalar maksimum şəkildə sinxronlaşdırılmalıdır”

Dünya

29.07.2025 17:45

"Rusiyanın hərbi büdcəsinə ciddi zərbə vurmaq üçün bütün tərəfdaş ölkələrin sanksiyalarının maksimal şəkildə sinxronlaşdırılması vacibdir". 

TodayPress TV xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "RBK-Ukrayna"ya açıqlamasında bildirib.

“ABŞ Prezidenti Donald Trampın Moskvaya münasibətdə mövqeyi realist və qətiyyətlidir. Bu, Putinin sülh təşəbbüslərini rədd etməsi fonunda xüsusilə dəyərlidir. Biz onun aydın və güclü mövqeyini yüksək qiymətləndiririk”, - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin atəşkəsi rədd edir, liderlərin görüşündən yayınır və müharibəni uzadır. 

“Putin yalnız onun iqtisadiyyatının onurğasını qırdığımız zaman müharibəni dayandıracaq. ABŞ, Avropa və G7 bu gücə malikdir”, - deyə nazir qeyd edib.

Sibiqa bildirib ki, sanksiyaların vahid və güclü “yumruq” şəklində konsolidasiyası üçün indi əlverişli məqamdır:

“İndi Rusiyanın hərbi büdcəsinə bütün gücümüzlə zərbə vurmağın vaxtıdır”.

XİN rəhbəri əlavə edib ki, Ukrayna müttəfiqlərlə sanksiyaların uyğunlaşdırılmasına cavabdeh yanaşır. Son həftələrdə Avropa İttifaqının sanksiya paketləri ilə sinxronlaşdırma sürətlə aparılıb və bu proses davam edir.

Ukrayna eyni zamanda müttəfiqlərlə birlikdə Rusiyanın texnologiyalara çıxışının qarşısını almaq və boşluqları aradan qaldırmaq üçün də tədbirlər görür.

Töhfə Səməd 

tag: Rusiya,Sanksiya,Ukrayna,Andrey Sibiqa,Todaypress.tv,