Şeinbaum Trampın miqrasiya planına etiraz etdi
Dünya
05.07.2025 17:00
Meksika Prezidenti Klaudia Şeinbaum ABŞ Prezidenti Donald Trampın yeni immiqrasiya siyasətinə və bu çərçivədə sərhəd təhlükəsizliyi və saxlama mərkəzləri üçün milyardlarla dollar ayrılmasını nəzərdə tutan büdcə planına etiraz edib.
TodayPress TV “Xinhua”ya istinadən xəbər verir ki, gündəlik brifinqində çıxış edən Şeinbaum ABŞ Nümayəndələr Palatasının təsdiqlədiyi və immiqrasiya nəzarətinə 170 milyard dollar ayıran büdcə sənədini tənqid edərək bildirib:
“Biz bu yanaşma ilə razı deyilik. Miqrasiya məsələsi repressiya ilə deyil, inkişaf yönümlü əməkdaşlıq yolu ilə həll edilməlidir”.
O qeyd edib ki, Meksika hökuməti həm şimal, həm də cənub sərhədlərində qanunsuz keçidlərin sayını azaltmağa nail olub:
“Dünən cəmi 220 həbsetmə olub… Bu, illər əvvəlki minlərlə hadisə ilə müqayisədə çox azdır”.
Prezident Şeinbaum vurğulayıb ki, miqrantların əksəriyyəti – təkcə meksikalılar deyil, Latın Amerikası və Karib hövzəsi ölkələrindən olanlar da uzun illərdir ABŞ-də yaşayıb və çalışıblar:
“Onlar vicdanlı və zəhmətkeş insanlardır. Onların fəaliyyəti təkcə Meksika üçün yox, eləcə də ABŞ iqtisadiyyatı üçün böyük töhfədir”.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Meksika,Etiraz,Todaypress.tv,