Tramp yaxın günlərdə Aİ ilə ticarət sazişi qərarını açıqlayacaq

Dünya

25.07.2025 11:30

ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Avropa İttifaqı (Aİ) ilə ticarət razılaşmasını qəbul edib-etməyəcəyinə və ya gələn həftə 30%-lik tarifləri qüvvəyə mindirəcəyinə dair qərarını elan edə bilər.  

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” avropalı diplomatlara istinadən məlumat yayıb. 

Tramp son çıxışında ABŞ və Aİ arasında aparılan danışıqları yüksək qiymətləndirib. O bildirib ki, hazırda iki tərəf ticarət sazişinin detalları üzərində ciddi müzakirələr aparır. 

Hazırda Avropadan idxal olunan polad, alüminium və avtomobillərə 10%-lik tariflər tətbiq olunur. Lakin Tramp 1 avqustdan etibarən bu tariflərə əlavə olaraq, bütün Aİ məhsullarına 30% rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb. 

Buna cavab olaraq, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ABŞ-ni avqustun 1-dək razılığa gəlməyə çağırıb. 

Avropa Ticarət Komissarı Maroş Şefçoviç isə bildirib ki, Aİ Trampın tariflərini ləğv etdirməyə çalışacaq. O artıq ABŞ-dən idxal olunan və illik dəyəri 72 milyard avro olan məhsulların siyahısını hazırlayıb. Danışıqlar nəticə vermədiyi təqdirdə cavab rüsumları tətbiq oluna bilər.   

Aysel Mətləb

tag: ABŞ,Aİ,Rüsum,Ticarət sazişi,Donald Tramp,Todaypress.tv,