Qatil arılar polislərə hücum etdi

Dünya

01.05.2026 18:30

ABŞ-da yüz minlərlə “qatil arı” polis əməkdaşlarına və yanğınsöndürənlərə hücum edib.

TodayPress TV xəbər verir ki, "EA Courier"in məlumatına görə, ABŞ-nin Morenci şəhərində “qatil arılar” kimi tanınan afrikalaşmış arıların hücumu nəticəsində, polis əməkdaşları və yanğınsöndürənlər də daxil olmaqla yeddi nəfər xəsarət alıb.

Qeyd edilib ki, arı dəstəsinin ilk qurbanları iki yoldan keçən şəxs olub. Polis hücum barədə məlumat aldıqdan sonra hadisə yerinə gəlib. Onlar avtomobildən düşən kimi arılar onlara da hücum edərək sancıblar. Buna baxmayaraq, əməkdaşlar bir nəfəri patrul avtomobilinə mindirməyə nail olublar.

Bu zaman digər bir zərərçəkmiş yol kənarında qısılmış vəziyyətdə olub. O, yalnız inildəyə bilir, ağzından su axırdı. Yanğınsöndürənlər onu xilas etmək üçün hadisə yerinə gəliblər. Yanğınsöndürmə rəisi Rik Varelanın sözlərinə görə, kişinin ətrafı yüz minlərlə qəzəbli arıdan ibarət hərəkətli qara buludla əhatə olunmuşdu. Arılar yanğınsöndürənlərə də hücum edərək, qoruyucu geyimlərə baxmayaraq, onların baş nahiyəsindən sancıblar.

Zərərçəkənlər xəstəxanaya aparılıb. Yanğınsöndürənlərdən biri bildirib ki, yaralılardan birini içəri gətirməzdən əvvəl onun üzərindəki arıları əl ilə təmizləməli olublar; həmin şəxs başdan ayağa qədər arılarla örtülü idi.

Hadisə nəticəsində iki polis əməkdaşı və üç yanğınsöndürən xəsarət alıb. Varela ertəsi gün hadisə yerinə qayıdıb, lakin pətəkdən heç bir iz tapmayıb. O, bunun köçəri arı sürüsü olduğunu ehtimal edib.

Qeyd edək ki, Afrikalaşmış arılar adətən may və iyun aylarında daha aktiv olurlar. Lakin bu il Arizonada qışın qeyri-adi dərəcədə isti keçməsi səbəbindən arılar çoxalmağa davam edib və pətəklər həddindən artıq sıxlaşıb.

Jalə Rövşən 

TodayPress TV

tag: ABŞ, “qatil arı”,Hücum ,Polis ,Todaypress.tv,