Okean sularında yüzlərlə yeni virus aşkarlandı

Maraqlı

16.06.2025 19:30

Mayami Universitetinin dəniz bioloqları dünya okeanlarından toplanmış su nümunələrinin geniş analizindən sonra daha əvvəl elmə məlum olmayan 230 yeni nəhəng virus növü və 569 funksional zülal aşkar ediblər.

TodayPress TV xəbər verir ki, bu sensasiyalı nəticələr "Nature npj Viruses" jurnalında dərc olunub.

Alimlərin sözlərinə görə, bəzi yeni aşkarlanmış zülalların fotosintez prosesi ilə bağlı olması gözlənilməz elmi nəticələrdən biridir. Bu, virusların enerji əldə etmə üsullarına dair anlayışları köklü şəkildə dəyişə bilər.

Nəhəng virusların mikroorqanizmləri – məsələn, yosunları, amöbaları və qamçılıları – yoluxdurmaq qabiliyyəti onların okean ekosistemlərinin əsas elementi olan fitoplanktonun fəaliyyətinə birbaşa təsir göstərə biləcəyini göstərir. Qeyd edək ki, fitoplankton Yer atmosferindəki oksigenin mühüm hissəsini istehsal edir.

Araşdırma zamanı bəlli olub ki, bəzi viruslar sahib orqanizmlərindən fotosintez funksiyasını mənimsəyərək onu öz enerji ehtiyacları üçün istifadə edə bilir.

Əksər yeni aşkarlanmış viruslar "Imitervirales" və "Algavirales" qruplarına aiddir. Xüsusilə "Imitervirales" daha mürəkkəb genetik quruluşa malikdir və bu da onların müxtəlif ekoloji şəraitdə yaşama və müxtəlif orqanizmləri yoluxdurma qabiliyyətini artırır.

Alimlər vurğulayıb ki, hər litr dəniz suyunda milyonlarla virus hissəciyi var və onların yalnız cüzi hissəsi elm tərəfindən təsnif olunub. Yeni məlumatlar virusların aşkarlanma metodlarının təkmilləşdirilməsi və patogen partlayışların qarşısının alınması baxımından da mühüm rol oynaya bilər.

Qiymət Mahir

tag: Okean,Dəniz,Virus,Ekologiya,Todaypress.tv,