İtlər televizora baxa və süjeti izləyə bilirlər - ARAŞDIRMA

Maraqlı

29.07.2025 19:30

ABŞ-də Auburn Universitetində aparılan yeni araşdırma göstərib ki, itlər televizora baxa və oradakı hadisələrə reaksiya verə bilirlər. Əvvəllər köhnə televizorların aşağı görüntü keyfiyyəti itlər üçün maraqsız olsa da, müasir, yüksək keyfiyyətli ekranlar onların diqqətini cəlb edir.

TodayPress TV xəbər verir ki, araşdırma zamanı 650-dən çox it sahibi arasında sorğu keçirilib və "Dog TV Viewing Scale" adlı 16 sualdan ibarət xüsusi test hazırlanıb. Nəticədə məlum olub ki, 450-dən çox it sahibi ev heyvanlarının televizora maraq göstərdiyini bildirib.

İtlər əsasən digər heyvanlara, xüsusilə də öz növlərinə və ya vəhşi heyvanlara daha çox reaksiya verirlər. Onlar ekran hərəkətlərini izləyir, səslərə cavab verir, bəzən isə görüntünün davamını televizorun kənarında axtarmağa çalışırlar.

Tədqiqat göstərib ki, yaş, cins və ya cərrahi müdaxilələr bu davranışa ciddi təsir etmir. Əsas fərq itlərin xarakterindədir. Belə ki, aktiv və həyəcanlı itlər daha çox maraq göstərir, qorxaq itlər isə səslərə və gərgin səhnələrə daha həssasdır.

Alimlər bildirirlər ki, televizor təkcə fon səsi deyil, həm də ev heyvanı üçün əyləncə və tək qaldıqda sakitləşdirici vasitə ola bilər. Artıq bəzi platformalar xüsusi olaraq ev heyvanları üçün video məzmunlar da təqdim edir.

Türkan İsgəndərli

tag: ABŞ,İt,Televizor,Film,Todaypress.tv,