Putin Kamçatkada baş verən zəlzələdən danışdı

Dünya

02.08.2025 10:57

Rusiya Prezidenti Vladimir Putin Kamçatka bölgəsində zəlzələ risklərinə qarşı görülən tədbirləri və infrastrukturun dayanıqlılığını yüksək qiymətləndirib.

TodayPress TV xəbər verir ki, dövlət başçısı "TASS"a açıqlamasında Kamçatkanın seysmik təhlükə zonasına daxil olduğunu nəzərə alaraq illər əvvəl burada binaların möhkəmləndirilməsi və kommunikasiya sistemlərinin yenilənməsi istiqamətində işlərin görüldüyünü bildirib.

Onun sözlərinə görə, bu tədbirlər nəticəsində iyulun 30-da baş vermiş güclü zəlzələ ciddi dağıntıya səbəb olmayıb və insan itkisi qeydə alınmayıb.

“Bu, çox yaxşı nəticədir”, – deyə Putin vurğulayıb.

Qeyd edək ki, 30 iyul səhəri Kamçatkada 8,7 maqnitudalı güclü zəlzələ baş verib. Episentr Petropavlovsk-Kamçatsk şəhərindən 161 kilometr aralıda yerləşib, ocağın dərinliyi isə 32 kilometr olub. Bu, bölgədə 1952-ci ildən bəri qeydə alınan ən güclü zəlzələ sayılır. Zəlzələdən sonra əhaliyə sunami təhlükəsi barədə xəbərdarlıq olunub və sahil zonasını tərk etmələri istənilib.

Qiymət Mahir

tag: Rusiya,Putin,Zəlzələ,Hadisə,Todaypress.tv,