Polşa Ukraynaya yeni qırıcılar verəcək

Dünya

27.06.2025 11:10

Polşa Ukraynaya hərbi yardımını davam etdirməyə və bu məqsədlə ordusunun silahlanmasından çıxarılan "MiQ-29" qırıcı təyyarələrinin Kiyevə mərhələli şəkildə təhvil verilməsinə hazır olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "AFP" agentliyinə verdiyi müsahibədə bildirib.

“Polşa Ukraynaya hərbi yardıma silahlı qüvvələrimizdən çıxarılan "MiQ-29"ların tədricən verilməsi ilə öz töhfəsini verəcək”, - deyə nazir qeyd edib. O, təyyarələrin konkret nə vaxt təhvil veriləcəyini və bu sovet istehsalı qırıcıların NATO tərəfindən əvəzlənib-əvəzlənmədiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, ötən ilin iyulun 8-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi Polşa ilə uzunmüddətli müdafiə və təhlükəsizlik əməkdaşlığına dair saziş imzalandığını açıqlamışdı. Sazişə əsasən, Polşa Kiyevə əlavə olaraq ən azı bir eskadrilya — təxminən 14 ədəd "MiQ-29" təyyarəsinin verilməsini nəzərdən keçirməyi öhdəsinə götürmüşdü.

Həmin gün Polşanın Baş naziri Donald Tusk Zelenskini xəbərdar etmişdi ki, bu təyyarələrin verilməsi NATO müttəfiqlərinin dəstəyi olmadan mümkün olmayacaq. 2025-ci ilin iyun ayında isə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Darius Lukovski bildirmişdi ki, rəsmi Varşava hələ də vəd edilən qırıcıların təhvilinə hazır deyil.

Töhfə Səməd

tag: Polşa ,Ukrayna,MiQ-29,Qırıcı,Təyyarə,Todaypress.tv,