Malayziya kralının Rusiyaya ilk səfərinin tarixləri açıqlandı
Dünya
02.08.2025 11:05
Malayziya kralı Sultan İbrahim İsgəndər gələn həftə Rusiya Federasiyasına dövlət səfəri edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi Kral Sarayı – İstana Neqaranın mətbuat xidmətinə istinadla yayıb.
Bildirilib ki, səfər 5–10 avqust tarixlərini əhatə edəcək və bu, Malayziya monarxiyası tarixində Rusiyaya edilən ilk dövlət səfəri olacaq.
Sarayın açıqlamasında qeyd olunub ki, bu səfər Malayziya monarxiyasının milli diplomatiyanın inkişafındakı rolunu əks etdirir. Səfər çərçivəsində Moskva ilə Kuala-Lumpur arasında ticarət və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Planlaşdırmaya əsasən, Sultan İbrahim İsgəndər Moskvada prezident Vladimir Putin tərəfindən təşkil olunacaq rəsmi banketdə iştirak edəcək, avtomobil texnologiyaları üzrə bir şirkəti ziyarət edəcək. Avqustun 8-də isə kral Kazana səfər edəcək və orada helikopter zavodunu görəcək.
Məlumata görə, Putin və Sultan İsgəndər arasında rəsmi danışıqlar avqustun 6-da baş tutacaq. Kremlin mətbuat xidməti səfəri təsdiqləyib.
Qiymət Mahir
tag: Malaziya,Rusiya,Sultan İbrahim İskəndər,