Politico: Aİ və ABŞ arasında enerji razılaşması reallaşmaya bilər

Dünya

29.07.2025 09:46

Avropa İttifaqının (Aİ) ABŞ ilə mümkün ticarət münaqişəsinin qarşısını almaq məqsədilə növbəti üç il ərzində 750 milyard dollar dəyərində Amerika enerji resursları almaq vədi faktiki olaraq reallaşması mümkün olmayan bir hədəfdir.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" qəzeti ekspert rəylərinə istinadən məlumat yayıb.

Nəşrin qiymətləndirməsinə görə, hazırda ABŞ-dən məhdud tədarüklər, texniki maneələr və Brüsselin idxal sövdələşmələri ilə bağlı səlahiyyətlərinin yetərsizliyi bu məqsədə çatmağı son dərəcə çətinləşdirir. Analitiklərin fikrincə, Aİ-nin irəli sürdüyü rəqəm tamamilə qeyri-realdır və fantastikdir.

Məlumata görə, ötən il Aİ enerji daşıyıcılarının idxalına 375 milyard avro xərcləyib. Bunun 76 milyard avrosu ABŞ-dən alınan məhsullara sərf olunub. Bu isə o deməkdir ki, Aİ növbəti üç ildə ABŞ-dən enerji idxalını demək olar ki, üç dəfə artırmalı olacaq. Həmçinin bu müddətdə Norveç kimi daha sərfəli təbii qaz təklif edən digər tədarükçülərdən yan keçmək lazım gələcək.

Avropa Komissiyasının adının açıqlanmasını istəməyən yüksək vəzifəli rəsmisi isə qeyd edib ki, bu razılaşma müəyyən şərtlərdən – Avropada kifayət qədər LNG (maye təbii qaz) infrastrukturunun və ABŞ tərəfindən nəqliyyat imkanlarının mövcudluğundan asılı olacaq. Bununla belə, o, rəqəmlərin təsadüfi olmadığını, Aİ-nin enerji ehtiyaclarının təhlili əsasında hazırlandığını vurğulayıb.

Ekspertlərin fikrincə, Aİ icraedici orqan kimi ABŞ-dən enerji təchizatını təşviq etsə də, birbaşa satınalmada iştirak etmir. Bu, daha çox özəl şirkətlərin qərarlarına əsaslanır. Hazırda isə həmin şirkətlər bu razılaşmada iqtisadi əsas görmürlər.

Töhfə Səməd 

tag: Avropa İttifaqı,ABŞ,Enerji,Razılaşma,Todaypress.tv,