Pentaqon alınan "F-35"lərin sayını yarıya endirdi
Dünya
11.06.2025 09:26
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) "Lockheed Martin" şirkətindən sifariş verməyi planlaşdırdığı "F-35" qırıcı təyyarələrinin sayını əvvəlki plana görə 48-dən 24-ə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qərar 2026-cı maliyyə ili üçün Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi yeni büdcə təklifində əks olunub və ABŞ müdafiə naziri Pit Heqsetin yaxın beş il ərzində hərbi xərcləri 8% azaltmaq planı ilə əlaqələndirilir.
Bildirilir ki, bu çərçivədə Müdafiə Nazirliyi 120-dən çox yüksək rütbəli zabit və generalın vəzifəsini ixtisar etməyi, o cümlədən ABŞ Silahlı Qüvvələri və Milli Qvardiyada 9 yüksək komandanlıq postunun ləğvini nəzərdə tutur.
Qeyd edək ki, hələ fevralın 19-da Heqset büdcənin beş il ərzində ardıcıl olaraq azaldılması ilə bağlı plan hazırlanması göstərişi vermişdi. Müdafiə Nazirliyinin rəhbərliyinin açıqlamasına görə, artıq əhəmiyyətini itirmiş iqlim dəyişikliyi ilə mübarizə, bürokratik strukturların genişləndirilməsi və müxtəliflik, bərabərlik, inklüzivlik kimi təşəbbüslərə yönəlmiş proqramlara ayrılan vəsaitlərin dayandırılması da bu qənaət tədbirləri çərçivəsində nəzərdə tutulur.
Töhfə Səməd
tag: ABŞ ,Müdafiə Nazirliyi,Pentaqon,Lockheed Martin,F-35,todaypress.tv,