Paslı stəkandan su içən şəxs ÖLDÜ
Dünya
11.06.2025 18:10
Tayvanda 54 yaşlı kişi içərisində pas əmələ gəlmiş termosdan su içdikdən sonra vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Mothership" portalı yerli mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, şəxs qaraciyər və böyrək xəstəliklərindən əziyyət çəkirmiş və orqanizmi infeksiyalara qarşı xüsusilə həssas olub. Həkimlərin sözlərinə görə, kişi bir neçə aydır istifadə olunmayan bir termosu qaynar su ilə doldurub və bir neçə qurtum içdikdən sonra zəhərlənmə simptomları göstərməyə başlayıb.
O, sepsis (qan zəhərlənməsi) şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər hesab edirlər ki, ölümün səbəbi "burkholderia pseudomallei" adlı bakteriya ola bilər. Bu bakteriya "melioidoz" adlı nadir, lakin həyati təhlükə yarada bilən infeksiyaya səbəb olur. "Melioidoz" adətən çirkli su və ya torpaqla təmasda yaranır.
Bu hadisədə isə xəstəlik yaradan bakteriyaların mənbəyi kimi paslı termos göstərilir. Bildirilir ki, bu cür mühitlərdə mikroorqanizmlər uzun müddət yaşaya və aktiv qala bilər.
Töhfə Səməd
tag: Tayvan,Termos,Zəhərlənmə,Ölüm,Pas,todaypress.tv,