Fransa Baş nazirinin təklifi siyasi qalmaqala səbəb oldu
Dünya
17.07.2025 15:22
Fransa Baş naziri Fransua Bayru dövlət xərclərinin 43,8 milyard avro azaldılması və iki milli bayramın ləğvini təklif etməklə, “siyasi karyerasına ölüm hökmü imzalayıb”.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bayrunun təşəbbüsü Marin Le Penin Milli Birlik Partiyası və Jan-Lyuk Melanşonun “İtaətsiz Fransa” hərəkatı tərəfindən kəskin tənqid edilib. Hər iki siyasi qüvvə hazırkı hökumətin istefasını tələb edir.
“Politico”nun məlumatına görə, Bayru bu radikal təkliflərlə gələcək büdcə danışıqlarında mövqeyini gücləndirmək istəyir və hesab edir ki, müxalifət maliyyə böhranının məsuliyyətini üzərinə götürməyə risk etməyəcək. O, eyni zamanda sosialistlərlə kompromisə ümid bəsləyir. İqtisadiyyat naziri Erik Lombar da sosialistlərlə razılaşmanın digər partiyalara nisbətən daha real olduğunu bildirib.
Bayrunun koalisiya tərəfdaşları qənaət kursunu “ehtiyatla” dəstəkləyib, lakin tədbirlərin yenidən işlənməsini tələb ediblər. Prezident Emmanuel Makronun komandasından da bəzi təkliflərin korrektə olunması çağırışı gəlib.
İyulun 15-də Bayru büdcəyə qənaət məqsədilə 8 May Qələbə Günü və Pasxa Bazar ertəsinin istirahət günü statusunun ləğv olunmasını təklif edib. Onun sözlərinə görə, bu qərar dövlət büdcəsinə milyardlarla avro vəsait qazandıra bilər.
Baş nazir həmçinin 2026-cı ildə ən varlı fransızlar üçün vergilərin artırılacağını da açıqlayıb. Bu addım büdcə kəsirinin azaldılmasına yönəlib.
Xatırladaq ki, Bayru daha əvvəl ölkədə dövlət borcunun rekord həddə çatdığını bəyan etmişdi.
Qiymət Mahir
tag: Fransa,Fransua Bayru, Marin Le Pen,Milli Birlik Partiyas,Todaypress.tv,