Paşinyandan xəbərdarlıq: “İyulda kütləvi işdən çıxarılma olacaq”

Dünya

02.07.2025 11:56

Ermənistanın Baş naziri Nikol Paşinyan “Elektroşəbəkələr Ermənistan” şirkətinin bəzi əməkdaşlarını siyasi fəaliyyətə görə işdən çıxarmaq və məhkəməyə verməklə hədələyib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “Facebook” hesabında yazıb.

Bu açıqlama şirkətin sahibi, iş adamı Samvel Karapetyanın həbsi fonunda verilib.

Baş nazir iyunun 24-də bildirib ki, şirkətin milliləşdirilməsi ilə bağlı plan hazırdır. Paşinyanın sözlərinə görə, işlərini yarımçıq qoyaraq “siyasi intriqalarla məşğul olan” əməkdaşlar iyul ayında işdən azad olunacaqlar. Şirkət işçilərini iclaslara qatılmağa məcbur edən şəxslər isə məhkəmə qarşısına çıxarılacaq.

Nikol Paşinyan əlavə edib ki, öz funksiyalarını yerinə yetirən əməkdaşlara qarşı heç bir sanksiya tətbiq olunmayacaq. Əksinə, yığıncaqlara qatılmaq istəmədiyi üçün əvvəllər işdən çıxarılanlar iyul ayında bərpa olunacaq və onlara gecikmiş əməkhaqqı ödəniləcək.

Qiymət Mahir

tag: Paşinyan,Ermənistan,“Elektroşəbəkələr Ermənistan”,Samvel Karapetyan,Todaypress.tv,