NATO Ukrayna və Rusiya sərhədlərini əhatə edən peyk izləmə layihəsinə başladı

Dünya

12.06.2025 17:15

NATO geniş əraziləri, o cümlədən Ukraynanı və Alyansa üzv ölkələrlə sərhəddə yerləşən Rusiya regionlarını əhatə edən hərbi texnikanın hərəkətini süni intellekt vasitəsilə tanıma və izləmə məqsədilə yeni peyk monitorinq layihəsinin icrasına başlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Söhbət "Geniş ərazilərdə ağıllı tanıma, xəbərdarlıq və aşkarlama" (SINBAD) adlı layihədən gedir. NATO layihənin həyata keçirilməsi üçün 11 iyun tarixində əsas podratçı kimi ABŞ-nin peyk görüntüləri üzrə ixtisaslaşmış "Planet Lab" şirkətini seçib.

Məlumata görə, layihə çərçivəsində ilboyu fasiləsiz və intensiv peyk müşahidəsi həyata keçiriləcək. Süni intellekt əsaslı neyron şəbəkələr vasitəsilə görüntülərdəki dəyişikliklər analiz ediləcək və hərbi qüvvələrin hərəkəti müəyyənləşdiriləcək.

NATO-nun transformasiya üzrə baş komandanı Pyer Vandyenin sözlərinə görə, yeni texnologiya Alyansa geniş əraziləri müşahidə etməyə, qoşunların hərəkətini, manevrləri və döyüş əməliyyatlarının gedişatını izləməyə imkan verəcək.

Layihənin 2026-cı ilin yanvarında istifadəyə verilməsi planlaşdırılır.

Qeyd olunur ki, bu təşəbbüs Alyans daxilində bəzi üzv ölkələrin ABŞ-nin Avropadakı iştirakını azaltmaq və diqqətini Çinlə qarşıdurma məqsədilə Asiya-Sakit okean regionuna yönəltmək ehtimalı ilə bağlı narahatlıqlar fonunda irəli sürülüb.

Töhfə Səməd

tag: NATO ,Ukrayna,Rusiya,Alyans,Nəzarət,todaypress.tv,