NASA: “Cygnus XL” kosmik yük gəmisi MKS ilə birləşdirilə bilmədi

Dünya

17.09.2025 10:29

“Northrop Grumman” şirkətinin yeni “Cygnus XL” kosmik yük gəmisinin 17 sentyabrda planlaşdırılan Beynəlxalq Kosmik Stansiya (MKS) ilə birləşdirilməsi qeyri-müəyyən vaxta təxirə salınıb. 

TodayPress TV xəbər verir ki, NASA bildirib ki, buna mühərrikdə yaranmış nasazlıq səbəb olub.

“Cygnus XL” 17 sentyabr çərşənbə günü stansiyaya əvvəlcədən nəzərdə tutulduğu kimi çatmayacaq. Yeni gəliş tarixi və vaxtı hazırda müzakirə olunur”,- NASA-nın açıqlamasında deyilir. 

Qurum əlavə edib ki, çərşənbə axşamı səhər əsas mühərrik planlaşdırılandan daha tez sönüb və nəticədə gəmi stansiya ilə görüş orbitinə çıxa bilməyib.

Bununla belə, “Cygnus XL”in digər bütün sistemlərinin normal rejimdə işlədiyi vurğulanıb.

Xatırladaq ki, raketdaşıyıcı “Falcon 9” “Cygnus XL”i sentyabrın 14-də Florida ştatındakı Kanaveral burnundan orbitə buraxıb. Yeni aparat əvvəlki versiyası ilə müqayisədə daha böyük daşıma qabiliyyətinə malikdir — 3,8 ton əvəzinə 5 ton. O, MKS-ə yarımkeçiricilər üçün kristalların istehsalı materiallarını, ultrabənövşəyi şüalarla suyun bakteriyalardan təmizlənməsinə imkan verən sistemi, kriogen yanacaq çənlərinin modifikasiyası üçün avadanlıqları və digər yükləri çatdırmalı idi.

Qiymət Mahir

TodayPress TV

tag: NASA,Kosmik,Gəmi,Birləşmə,Todaypress.tv,