Moldovanın müxalif bloku BMT və ATƏT-ə müraciət etdi
Dünya
03.08.2025 20:30
Moldovanın müxalif siyasi qüvvələrinin yaratdığı "Qələbə" bloku Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) müraciət edərək Qaqauziya rəhbəri Yevgeniya Qutsula qarşı Kişinyov hakimiyyətinin həyata keçirdiyi siyasi təzyiqlərin dayandırılması üçün tədbirlər görülməsini tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə blokun BMT və ATƏT-in rəhbər şəxslərinə ünvanladığı rəsmi məktubda bildirilir.
Sənəd BMT Baş katibi Antonio Quterreşə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı Kristof Kampə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mariya Telalyana ünvanlanıb.
"Komandamız Yevgeniya Qutsul və bütün Qaqauziya üçün beynəlxalq səviyyədə ədalət axtarır. "Qələbə" bloku seçilmiş liderə qarşı həyata keçirilən siyasi təqibə beynəlxalq reaksiya və müdaxilə tələb edən rəsmi məktubları BMT və ATƏT-ə göndərib", - deyə blokun "Telegram" kanalında dərc olunan açıqlamada qeyd olunub. Bildirilib ki, Qaqauziya əhalisi hakim "Fəaliyyət və Həmrəylik Partiyası"nı dəstəkləmədiyinə görə təzyiqlərə məruz qalır.
Töhfə Səməd
tag: Moldova,Qələbə,Birləşmiş Millətlər Təşkilatı,ATƏT,Todaypress.tv,