Moldova bir sıra ABŞ və Aİ siyasətçilərinə ölkəyə giriş qadağası qoydu
Dünya
28.07.2025 17:22
Moldova hakimiyyəti ABŞ və Avropa İttifaqından (Aİ) olan bir sıra siyasətçilər və ictimai fəallara ölkəyə girişə qadağa qoyub.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Təhlükəsizlik Xidməti (İTX) məlumat yayıb.
Qurumun məlumatında bildirilib ki, həmin şəxslərin iştirakı ilə ölkədə sabitliyin pozula biləcəyi ehtimalı və xarici müdaxilə təhlükəsi səbəbindən bu qərar qəbul olunub.
Qadağa, Kişinyovda keçirilən "Make Europe Great Again – MEGA 2025" adlı beynəlxalq konfransın bir neçə iştirakçısına şamil olunub. Onların arasında Avropa Parlamentinin deputatı Ondrjey Dostal, Beynəlxalq Ailə Məsələləri Təşkilatının sədri Brayan Braun, habelə Yunanıstandan bir neçə ictimai fəal yer alır.
İTX-nın açıqlamasına əsasən, tədbirin təşkilatçıları qeyri-şəffafdır, maliyyə mənbələri məlum deyil və iştirakçıların Moldova müxalifətçisi İlan Şorla əlaqəli olduğu iddia edilən "Şor" adlı cinayətkar qruplaşma ilə şübhəli əlaqələri mövcuddur.
Avroparlamentar Ondrjey Dostal sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, tədbirə Rumıniyadan olan konservativ həmkarlarının dəvəti ilə qatılıb:
“Burada miqrasiya, suverenlik və ailənin rolu haqqında çıxış etməliydim. Amma Moldova görünür söz azadlığının da dövlət sərhədləri olduğunu düşünür”, - deyə o bildirib.
Konfrans iştirakçılarından ABŞ vətəndaşı Brayan Braun isə giriş qadağasını öz siyasi baxışları ilə əlaqələndirib:
“Moldova Avropa İttifaqına üzv olmaq istəyir, amma konservator olduğuma görə ölkəyə buraxılmıram”, - deyə Braun qeyd edib.
Töhfə Səməd
tag: Moldova ,ABŞ,Avropa İttifaqı,Qadağa,Todaypress.tv,