Kərə yağı diabet riskini azaldır – Araşdırma
Dünya
09.06.2025 19:45
Boston Universitetinin alimləri gündəlik qida rasionuna daxil edilən az miqdarda kərə yağının sağlamlıq üçün faydalı ola biləcəyini müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, yeni tədqiqatın nəticələri “European Journal of Clinical Nutrition” (EJCN) jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində alimlər 30 yaşdan yuxarı təxminən 2500 nəfərin — həm kişilərin, həm də qadınların bir neçə onillik ərzindəki pəhriz vərdişlərini təhlil ediblər.
Nəticələrə əsasən, gündə ən azı beş qram kərə yağı istehlak edən şəxslərdə 2-ci tip diabetə tutulma riski 31% aşağı olub.
Mütəxəssislər müəyyən ediblər ki, marqarin kimi süni yağların müntəzəm istifadəsi ürək xəstəlikləri riskini artırır. Bu fakt trans yağların təsiri ilə izah olunur – xüsusilə də 1970-ci illərdə marqarinlərin tərkibində geniş yayılmış bu maddələr ürək-damar sisteminə mənfi təsir göstərib.
Qeyd edək ki, uzun müddət heyvan mənşəli yağların, o cümlədən kərə yağının zərərli olduğu iddia edilirdi. Bu fikir əsasən 1960-cı illərdə Qərb ölkələrində ürək xəstəliklərinin artması fonunda formalaşmışdı. Lakin son dövrlərdə aparılan tədqiqatlar bu yanaşmanı yenidən qiymətləndirməyə səbəb olub.
Alimlərin sözlərinə görə, təbii kərə yağı orqanizmdə “yaxşı” xolesterinin (HDL) səviyyəsini yüksəltməyə və damar tıxanmasına səbəb olan zərərli yağların miqdarını azaltmağa kömək edə bilər.
Nicat Osman
tag: Kərə Yağı,Diabet,Risk,Araşdırma,Todaypress.tv,