Kanada rəqəmsal xidmətlər vergisini ləğv etdi
Dünya
30.06.2025 10:00
Kanada hökuməti xarici texnologiya şirkətlərinə yönəlmiş rəqəmsal xidmətlər vergisinin tətbiqini, qüvvəyə minməsinə cəmi bir neçə saat qalmış gözlənilmədən ləğv edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qanunvericiliyə əsasən, verginin iyunun 30-da qüvvəyə minməsi planlaşdırılırdı.
Bu addımın əsas səbəbi ABŞ Prezidenti Donald Trampın vergi tətbiqinə etiraz olaraq Kanadaya qarşı ticarət danışıqlarını qəfil dayandırması olub. Kanada ticarət müzakirələrinin davam etməsinə imkan yaratmaq məqsədilə bu qərarı verdiyini açıqlayıb.
Kanada Maliyyə Nazirliyinin məlumatına görə, Tramp ilə Kanada Baş naziri Mark Karni müzakirələri davam etdirirlər. Kanada, 21 iyula qədər ABŞ ilə razılaşmaya nail olmağı ümid edir.
Qeyd edək ki, ötən həftə Tramp Kanadanın bu yeni vergi siyasətinə sərt reaksiya verib, bunu “ABŞ-yə qarşı açıq-aşkar hücum” adlandırıb və bir həftə ərzində Kanadaya qarşı yeni tarif səviyyəsinin açıqlanacağını bildirmişdi.
Töhfə Səməd
tag: Kanada ,Texnologiya,Donald Tramp,ABŞ,Todaypress.tv,